Azərbaycan Xəzərə sualtı qayıqlar buraxacaq

28 Avqust 2013 08:36 (UTC+04:00)

Hələlik qarşı tərəf xəbəri təsdiqləməsələr də Azərbaycanın Cənubi Koreyadan böyük partiya müasir silah almaq niyyətində olması barədə məlumatlar var. Belə ki, Azərbaycanın Cənubi Koreyadan ümumi dəyəri 3 milyard dollar təşkil edən iki sualtı qayıq, eskadra mina gəmisi, nəqliyyat gəmisi, səsdən sürətli "T-50" təlim təyyarələri, dünyada ən yaxşı hesab olunan 155 millimetrlik K-9 özüyeriyən artilleriya qurğusu, vertolyotlar, pilotsuz uçuş aparatları, odu ram edən sistemlər almaq arzusunda olduğu bildirilir.

Düzdür, təklif Cənubi Koreya hökumətinin nəzərinə çatdırılsa da, rəsmi Seul hələlik bu məsələ barədə susur. Elə Azərbaycan Müdafiə Nazirliyində də bu barədə məlumatların olmasını təsdiq etmədi. Ancaq məsələnin digər tərəfi ondan ibarətdir ki, hələlik tam təyinatı bilinməsə də və həmçinin ölkəmizin su sərhəddində açıq düşməninin olmamasını nəzərə alsaq, təklifdəki sualtı qayıqlar diqqəti cəlb edir. Mütəxəssislər belə sualtı qayıqların sırf müharibə təyinatlı yox, neft - qaz yataqlarının qorunması, qaçaqmalçılıqla mübarizə üçün nəzərdə tutulduğunu ehtimal edirlər. Digər tərəfdən, hazırda Xəzəryanı ölkələrdən Rusiya və İranın dəniz donanmasını kifayət qədər güclü hesab etmək olar.

Hərbçi ekspert Üzeyir Cəfərov bildirir ki, bu sualtı qayıqlar bizim bildiyimiz geniş, iri gövdəli sualtı qayıqlar deyil: "Bunlar kiçik həcmli qayıqlardır. Xəzərdə onların manevr imkanları nəzərə alınıb. Onlar Xəzərin enerji resurslarını qorumaq və qaçaqmalçılıqla mübarizə aparmaq məqsədi ilə alına bilər. Çünki, istənilən qayıq həm suyun altında, həm də suyun üzərində verilən vəzifələri yerinə yetirməyə qadirdir. Cənubi Koreya hərbi sənaye baxımından inkişaf etmiş ölkədir. Ona görə də Azərbaycanın marağını təsadüfi hesab etmək olmaz. Ümumiyyətlə, Koreya texnologiyaları dünyada ön sırada duran texnologiyadır. Həm də uzun təcrübəyə malik dövlətdir. Odur ki, Azərbaycanın mövqeyi uğurlu yanaşmadır. Burada həmçinin təkcə sualtı qayıq yox, digər silah növlərinin alınması da nəzərədə tutulub. Onların isə faydasının nə dərəcə olacağını zaman göstərəcək. Hətta Dağlıq Qarabağa məsələsində döyüş bölgəsində olan hərbi hissə və birləşmələr üçün nəzərdə tutulan texnika olacaq. Çünki, bizim onu arxada saxlamağımız və yalnız hansısa təlimdə nümayiş etdirməyimiz o qədər də düzgün olmaz. Ancaq gələcəkdə ərazi bütövlüyümüz bərpa olunandan sonra texnikaların xeyli hissəsinə ehtiyac qalmayacaq. Onda ola bilsin ki, ölkəmiz bu gün aldığı texnikaların bəzi hissəsini hansısa bir ölkəyə satsın. Bu, dünyada yayılmış normal praktikadır".

Digər hərbçi ekspert Azad İsazadə bildirdi ki, ölkəmizin sualtı qayıq almaq istəyində məqsədlər tapmaq çətin deyil: "Bizim strateji qaz-neft yataqlarımız dənizdədir. Sualtı qayıqlar onların qorunması və onlara qarşı təxribatların qarşsını almaq üçün görülməsi nəzərədə tutulan planlardan bir hissəsi ola bilər. Onsuz İran Xəzər dənizinizdə sualtı qayıqlarını yerləşdirib. Rusiya da ildən-ilə öz Xəzər donanmasını gücləndirməkdədir. Ona görə də bu sahədə Azərbaycan da hansısa addımlar ata bilər. Ancaq çox vaxt silah alışı təkcə hərbi strateji inkişaf yox, hətta kommerisiya əməliyyatıdır. Bu gün dünya bazarında silah satışında böyük bir rəqabət var. Bu rəqabət əsasən də Qərb və rus silah növləri arasında daha çox hiss olunur. Qərb tipli silah almaqla biz Rusiya tipli silahlardan asılılığı azaldırıq. Amma yeni bir problem də yaradırıq. Çünki, yeni tipli silahın təmiri də, sursatı da fərqli olacaq. Ona görə də adətən ordular çalışırlar ki, öz silhalarını eyni tipli etsinlər. Amma hazırda ölkəmizin atacağı bu addımını hərbi bazarda rəqabəti artırmaq üçün, daha çox hərbi kommersiya əməliyyatı hesab etmək olar".

Ekspert əlavə etdi ki, sualtı qayıqlar Azərbaycanın Xəzər dənizində üstünlük yaratmasına elə də töhfə verməyəcək: "Ancaq paritetə nail ola bilərik. Biz başa düşməliyik ki, Xəzərdə sualtı qayıqlar varsa, pariteti saxlamaq üçün bizdə də olmalıdır ki, nəzarətlə hansısa cavab addımları ata bilək".