Köhnə avtomobillərin utilizasiyası üçün ekoloji verginin tətbiqi aktuallaşdı

28 Avqust 2013 08:40 (UTC+04:00)

Fərqli vergi növünə görə dünyada ilk sıralarda duran dövlətlərdən olan Ukrayna bu dəfə də yeni bir qanun layihəsini işlək vəziyyətə gətirir. Avtomobillərdən ekoloji verginin alınmasını nəzərdə tutan bu qanun ölkədə avtomobil utilizasiya probleminin həllinə yönəlib. Belə ki, avtomobillərdən tutulan ekoloji vergilərin hesabına utilizasiya müəssisələr inşa ediləcək.

Həmin müəssisələr də öz növbəsində utilizasiya prosesini həyata keçirəcək. Mütəxəssislər anoloji praktikanın Azərbaycanda da tətbiq edilməsini məqsədəuyğun hesab edirlər. Çünki, bu, həm ekologiyanın təmizlənməsinə, həm də əlavə vəsaitlərin toplanmasına gətirib çıxaracaq. Eyni zamanda utilizasiya probleminin birdəfəlik həllinə imkan verəcək.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, ölkəmizdə avtomobillərdən yeni verginin - əmlak vergisinin tətbiqi gündəmdədir: "Əmlak vergisinin tətbiq edilməsi avtomobillərdən əlavə vergilərin yığılmasına gətirib çıxaracaq. Bu gün əmlak vergisi inkişaf etmiş, o cümlədən də Avropa Birliyinə üzv olan ölkələrdə tətbiq edilir. Əmlak vergisinin tətbiq edilməsi maşınların ödədiyi verginin həcmini artıracaq. Ekoloji vergi də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə tətbiq edilməkdədir. Amma nəzərə alsaq ki, əmlak vergisindən fərqli olaraq ekoloji vergi köhnə avtomobillərə tətbiq olunur. Burada ekoloji verginin tarifləri avtomobillərin işlənmə ilindən və işlək vəziyyətindən asılı olaraq dəyişir. Odur ki, Azərbaycanda köhnə avtomobillərə ekoloji verginin tətbiq edilməsi məqsədəuyğundur. Xüsusən sovet dövründə istehsal edilən avtomobillərə ekoloji verginin tətbiq edilməsi düzgün olardı. Çünki, sovet dövründə istehsal edilən avtomobillər ətraf mühiti daha çox çirkləndirirlər. Ekoloji verginin tətbiq edilməsi həm köhnə avtomobillərdən imtinaya gətirib çıxaracaq, eyni zamanda da bu, ekologiyanın təmizlənməsi üçün əlavə əlavə vəsaitlərin cəlb edilməsi üçün imkan yaradacaq. Həmin vəsait imkan verəcək ki, ekologiyanın sağlamlaşdırılması üçün müxtəlif layihələr həyata keçirilsin".

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, utilizasiya yarasız avtomobillərin çıxdaş edilməsi, onların müəyyən detallarının silinməsini və avtomobillərlə bağlı tullantıların aradan qaldırılmasını nəzərdə tutur: "Məhz bu məqsədlə ekoloji verginin tətbiq edilməsi yaxşı ideyadır. Ancaq gərək sahibi avtomobilindən rahat imtina edə bilsin. Elə həvəsləndirilməlidir ki, o, avtomobilin könüllü şəkildə versin. Çünki, köhnə avtomobildən imtinaya hər insan getmir. Ekolji verginin tətbiqi bir tərəfdən bundan ötrüdür. Amma dünyanın bir sıra ölkələrində, eyni zamanda Rusiyanın özündə belə bir təcrübə var ki, insanlar müəyyən güzəştli şərtlərlə köhnə avtomobillərini təhvil verirlər və əvəzində yerli istehsal olan avtomobillər təklif olunur. Burada yeni avtomobillərə təxminən 40% endirim olunur. Yəni, köhnə avtomobil sahibini avtomobildən imtina etmək üçün həvəsləndirmək lazımdır. Burada köhnə avtomobilləri yığışdırmaq və onları təkrar emala vermək üçün həm də külli-miqdarda vəsait lazımdır. Düzdür, yaxşı təcrübədir və dünyanın bir çox ölkəsində var. Ancaq yaxın gələcəkdə Azərbaycanda hansısa verginin hesabına belə bir fondun yaradılması çətin gözlənilir. Buna xeyli vəsait lazımdır".

Ekspert qeyd etdi ki, ümumiyyətlə, insanların köhnə avtomobillərdən imtina etməsi üçün müxtəlif iqtisadi yollar var: "Bizdə bu gün Vergilər Məcəlləsində yol vergisi var. Yol vergisi avtomobillərin ətraf mühitə ziyan vurmasına görə mühərrikin işçi həcmi ilə müəyyən olunur. Yol vergisinin özü də mahiyyət etibarı ilə ətraf mühitə vurulan ziyanı kompensasiya etməyə yönəlib. Oradan yığılan vəsaitin bir hissəsi yol hərəkət təhlükəsizliyinin təmin olunması tədbirlərinə xərclənirsə, qalan hissəsi də dövlət büdcəsinə gedir. Hər bir halda utilizasiya proqramı istiqamətində layihələri həyata keçirmək müsbət qiymətləndirilməlidir".