MSK Rüstəm İbrahimbəyovun ittihamlarına cavab verdi
28 Avqust 2013 11:55 (UTC+04:00)
Mərkəzi Seçki Komissiyası Rüstəm İbrahimbəyovun ittihamlarına cavab
verdi. MSK-nın sədr müavini Natiq Məmmədovun Trend-ə bildirdiyinə
görə, MSK-nın Rüstəm İbrahimbəyov ilə bağlı qərarının qanuniliyi
şübhə doğurmur: "Biz rəsmi şəkildə qərarımızı vermişik və qərarın
qanuniliyi şübhə doğurmur".
N.Məmmədov deyib ki, məntiqi və qanuni baxımdan hər şey qərarda
aydın göstərilib: "Əgər kimsə qərarı mübahisələndirirsə bu, onun öz
işidir".
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının (MSK) avqustun 27-də
keçirilən iclasında Milli Şuranın təşəbbüs qrupu tərəfindən
namizədliyi irəli sürülən Rüstəm İbrahimbəyovun Azərbaycan
Respublikası Prezidentliyinə namizədliyi təsdiq edilməyib. Buna
əsas isə Rüstəm İbrahimbəyovun Azərbaycan və Rusiya vətəndaşı
olmaqla ikili vətəndaşlığı, Rusiya qarşısında öhdəlikləri və s.
məsələlər göstərilib.
Rüstəm İbrahimbəyov isə MSK-nın qərarını qanunsuz hesab etdiyini
bəyan edərək MSK-nı məhkəməyə verəcəyini bildirib.