Bubon taunu Azərbaycana keçə bilərmi?
28 Avqust 2013 16:30 (UTC+04:00)
Son 30
il ərzində taundan ilk ölüm halını şərh edən rəsmilər xəstəliyin
yayılmasının qarşısını almaq üçün bir qrup adamın karantinə
alındığını elan ediblər. Güman edilir
ki, xəstəlik infeksiyanı daşıyan birənin oğlanı dişləməsilə
ötürülüb. Taundan ölən Temir İssakunovun çoban olduğu bildirilir.
Hadisə Qazaxıstan sərhədi yaxınlığındakı dağlıq kənddə baş verib.
Qara ölüm kimi tanınan Bubon taunu orta əsrlərdə Avropa boyu 25
milyon adamın ölümünə səbəb olmuşdu. Hazırda yoluxucu xəstəlik
halları nadirdir. "Biz pasientin xəstəliyə birə dişləməsi
nəticəsində tutulduğunu güman edirik", - səhiyyə naziri Tolo İsakov
deyib. Nazir bölgəni ölümcül infeksiyalı birə daşıyan
gəmiricilərdən təmizləmək üçün hadisənin baş verdiyi yerə
mütəxəssislərin göndərildiyini deyib. Ötən həftə baş vermiş ölüm
halı ilə bağlı diaqnoz yeni açıqlanıb. İssık-Kul bölgəsində 2
mindən artıq adam taun xəstəliyi ilə bağlı tibbi müayinədən keçib.
Hakimiyyət narahatlığın qarşısını almaq üçün 100-dək adamın
karantinə alındığını bildirib. Bölgədə mal-qara və insanların
hərəkətinə məhdiyyətlər qoyulub, səhiyyə xidmətləri xəbər verir.
Dünya Səhiyyə Təşkilatının məlumatına
əsasən bubon taununun yayılması ilə bağlı ən miqysalı olay 2010-cu
ildə Peruda qeydə alınıb. O, zaman xəstəliyə 12 adam yoluxmuşdu.
Azərbaycan tərəfi isə Bubon taununun Azərbaycanda yayılma
etimalının olmadığını söyləyirlər. Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasının direktor
müavini Şair Qurbanov
Movqe.az-a açıqlamasında söyləyib ki, Bubon taunu taunun digər növü
ilə müqayisədə insandan-insana keçmir: "Bu xəstəlik
taunun
digər növləri ilə müqayisədə o qədər də təhlükəli deyil. Amma
xəstəlikdən ölüm hadisəsinin baş verməsi mümkündür. Bu xəstəliyin
Azərbaycanda yayılma ehtimalı yoxdur. Çünki taunun Bubon forması
insandan-insana keçmir. Eyni zamanda
Azərbaycanda sərhəd və gömrük keçid məntəqələrində yoxlamalar
aparılır. Taun xəstəliyinin dünyanın bir sıra ölkələrində, o
cümlədən Azərbaycanda, təbii ocaqlararı vardır. Xəstəliyin əsas
mənbəyi gəmricilər olmaqla insanlar adətən taun bakteriyaları
daşıyan birələr tərəfindən dişləndikdə və ya xəstə heyvanla təmasda
olduqda xəstəliyə yoluxur. İnsanlarda xəstəliyin baş verməsi təbii
ocaqlarda baş verən epizootiyanın intensivliyindən, heyvanlar,
keçiricilər və insanlar arasında olan təmasın dərəcəsindən
asılıdır. İnsanlar arasında baş verən xəstəlik hadisələri adətən
epizootiyalardan sonra müşahidə olunur. Azərbaycanda taunun 3 təbii
ocağı mövcuddur: Düzənlik-dağətəyi, Yüksək dağlıq, Arazyanı.
Düzənlik-dağətəyi ocaqda ilk dəfə taun gəmiricilər arasında rəsmi
olaraq 1953-cü ildə, Yüksək dağlıq təbii taun ocağında 1962,
Arazyanı ocaqda isə 1967-ci ildə qeydə alınmışdır. Gəmiricilər
arasında sonuncu epizootiya 2001-ci ildə Qarabağ mezoocağında qeyd
olunub".
Qeyd edək ki, taunun bubon
formasının xarakterik əlaməti törədrici mikrobun daxil olduğu yerə
yaxın birincili bubonların formalaşması ilə periferik limfatik
düyünlərin zədələnməsidir. Xəstəliyin 1-2-ci günü nəinki hərəkət zamanı, hətta
sakitlikdə belə bubon əmələ gələn yerdə xəstəni məcburi vəziyyətə
gətirən şiddətli ağrı hiss olunur. İnkişaf edən bubon kiçik,
şiddətli ağrılı şişkinlikdən ibarətdir. Limfatik düyünlərin bütün
qrupu və onları əhatə edən birləşdirici toxuma iltihabi prosesə
cəlb olunduqca şişkinlik 8 sm-dək böyüyür, ətraf toxumalar ilə
birləşən konqlomeratdan ibarət olur. Bubonun üzərini örtən dəri
gərilir, aydın hiperemiyalaşır, parıldayır, göyərmiş çalar alır.
Adətən limfangitlər olmur. Periadenit olduğuna görə bubonun konturu
hamarlaşır. Bu, mühim diaqnostik əlamətlərdən biri sayılır.
Xəstəliyin 6-8-ci gününə yaxın bubon xəmirvari konsistensiya alır,
üzərindəki dəri göyümtül-qonur rəng alır, nazilir. Bubonun
mərkəzində flüktasiya meydana çıxır. Xəstəliyin 8-12-ci günü bubon
deşilir, qan qarışıqlı serozlu-irinli möhtəviyyat ifraz olunur.
Bubonun xoraya çevrilməsi uzun müddət sağalmayan fistulanı,
ikincili infeksiyanın qoşulması isə geniş adenofleqmonanın əmələ
gəlməsi ilə nəticələnir. İrinli xora inadlı gedişi, tədricən
sağalması, qranulyasion toxumanın artması və çapıqlaşma ilə
fərqlənir. Xəstəliyin təhlükəsiz gedişi zamanı 6-8-ci gündən
başlayaraq, bubonda iltihabi dəyişiklik azalmağa başlayır və
sonralar tam sorula bilir. Son illər spesifik terapiyanın
(antibiotiklərin) tətbiqi ilə əlaqədar olaraq taun bubonları çox nadir
hallarda deşilir. Onlar 15-20 gün ərzində
tədricən sorulur.