Pan Gi Mun: “BMT Təhlükəsizlik Şurası Suriyadakı vəziyyətə dərhal müdaxilə etməlidir”

28 Avqust 2013 15:42 (UTC+04:00)

"BMT Təhlükəsizlik Şurası Suriyadakı vəziyyətə dərhal müdaxilə etməli, bu məsələdə vahid mövqe nümayiş etdirməlidir".

Mövqe.az-ın  məlumatına görə, bu fikirləri "Rossiya 24" kanalına müsahibəsində BMT baş katibi Pan Gi Mun deyib.

 

"BMT Təhlükəsizlik Şurası müdaxilə etməlidir, çünki bu gün Suriya – bütün dünyada təhlükəsizliyə dair ən güclü sınaqdır. Təhlükəsizlik Şurası sülhə nail olmaq üçün dərhal reaksiya verməlidir, əks təqdirdə itirilmiş bir nəsil əldə edəcəyik, bu, analar, uşaqlar, gənclər və ümumiyyətlə itirilmiş nəsil olacaq. Bizim ümumi insani dəyərlərimiz baş verənlərə cəld reaksiya göstərməyə vadar edir və biz Suriyada baş verən faciələrə dərhal reaksiya verməliyik. Suriyada vəziyyət böhran həddinə çatıb, münaqişə tərəflərinin kimyəvi silahdan istifadə etməsi geniş miqyaslı cinayətdir".

 

Pan Gi Mun Haaqada keçirilən konfransda bildirib ki, istənilən şərtlər daxilində kimyəvi silahdan istifadə bütün beynəlxalq hüquq normalarının pozulması və irimiqyaslı cinayətdir.

 

Ötən həftə Dəməşq yaxınlığında kimyəvi silahdan istifadə barədə məlumatlar o qədər geniş miqyas alıb ki, Qərb ölkələri yaxın zamanlarda BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan ölkə ərazisinə hava zərbələri endirmək barədə müzakirələrə başlayıblar.

 

Dünən axşam ABŞ prezidentinin hələ Suriyaya qarşı atılacaq addımları götür-qoy etdiyi məlum olub, pentaqon isə münaqişəyə mümkün müdaxilə ssenariləri ilə bağlı müxtəlif variantlar, o cümlədən hərbi müdaxilə ssenarisi üzərində işlədiyini açıqlayıb. Bir sıra Qərb dövlətləri BMT Təhlükəsizlik Şurasının qərarı olmadan Suriya münaqişəsinə müdaxilə etməyə hazır olduqlarını bildiriblər.