İsa Hüseynovun səhhəti pisləşib

28 Avqust 2013 15:53 (UTC+04:00)

Yaxınları tezliklə problemin aradan qalxacağına ümid edirlər

Müasir Azərbaycan ədəbiyyatının klassiki sayılan, bir-birindən dərin, maraqlı əsərləri ilə nəsrimizi işıqlandıran, "İdeal" kimi nəhəng tarixi-fəlsəfi romanı ilə Azərbaycan ədəbiyyatında böyük dönüş yaradan hamının İsa Muğanna kimi tanıdığı xalq yazıçısı İsa Hüseynovun səhhətində problemlər yaranıb. Məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu məlumat verib. Ə. Əsgəroğlunun sözlərinə görə, yazıçı hazırda Qazaxda öz doğmalarının əhatəsindədir. Onun böyrəklərində problem olduğu bildirilir: 


"Biz çox hörmətli, dəyərli yazıçımız İsa Hüseynovun ya özü, ya da ailəsi ilə mütəmadi olaraq əlaqə saxlayırıq. Mən bu gün onun xanımı ilə danışmışam. Hal-hazırda xalq yazıçısı Qazaxda öz doğmalarının, yaxınlarının əhatəsindədir. Bizdə olan məlumata görə, onun böyrəklərində müəyyən problemlər yaranıb. Ancaq ümid edirik ki, yazıçının səhhətində ciddi bir problem yoxdur. İnşallah yaxın günlərdə səhhətində olan problemlər də aradan qalxar. Allahdan ona can sağlığı, uzun ömür diləyirik".


Qeyd edək ki, tanınmış yazıçı İsa Hüseynov 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini bitirən yazıçı "Yanar ürək" , "Məhşər" , "İdeal" , "Qəbiristan" və s. kimi çoxsaylı əsərlərin müəllifidir.