YAP öz namizədi ilə bağlı təbliğat-təşviqat kampaniyasına sentyabrın 16-dan başlayacaq

29 Avqust 2013 11:11 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası prezidentliyə rəsmi namizədi ilə bağlı seçki kampaniyasının təbliğat-təşviqat mərhələsinə sentyabrın 16-dan etibarən başlayacaq.

BunuGün.Az-a açıqlamasında millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müaviniMübariz Qurbanlıdilə gətirib.

YAP rəsmisi deyib ki, ümumiyyətlə, təbliğat-təşviqat kampaniyası da daxil olmaqla, bütün məsələlər hakim partiyanın bütövlükdə seçki proqramında öz əksini tapıb:

"Həmin proqramın bir hissəsi də təşviqat kampaniyasına aiddir. Biz rayon-şəhər təşkilatlarına təşviqat kampaniyası ilə bağlı müvafiq göstərişlər, tövsiyələr, tapşırıqlar vermişik. Hazırlıq işləri gedir. Əslində demək olar ki, hazırlıq işlərimiz də başa çatıb.

Ayın 16-da təbliğat-təşviqat kampaniyasına start verəcəyik və bu kampaniyanın gedişində Seçki Məcəlləsinin bizə verdiyi bütün hüquqlardan istifadə edib, kampaniyamızı ən müasir metodlar tətbiq etməklə, həyata keçirəcəyik".

YAP-ın seçki şüarlarına gəlincə, M.Qurbanlı deyib ki, hər bir partiya seçkiyə gedərkən, hədəflərini müəyyən edir, o cümlədən məqsədini bəyan edir:

"Həmçinin, hər bir siyasi təşkilat əsas şüarlarını müəyyən edir. Gəlin tələsməyək, inşallah, təşviqat kampaniyası zamanı hər kəs Yeni Azərbaycan Partiyasının hansı şüarla, hansı formada, hansı formalı aksiyalarla gedəcəyini görəcək".