Suriyadan Qafqaza uzanan təhlükə
29 Avqust 2013 11:01 (UTC+04:00)
Son günlər dünya mətbuatında Qərbin aparıcı
dövlətlərinin, xüsusi ilə də ABŞ-ın Suriyada Bəşər Əsəd qüvvələrinə
zərbə endirmək niyyətində olması barəsində xəbərlər yer almaqdadır.
Hətta bu hücümun dəqiq vaxtı - 29 avqust tarixində baş tutacağı və
üç gün davam edəcəyi qeyd olunur. Belə ki, Pentaqon rəhbəri Çak
Heygel açıqlamasında Amerika ordusunun Suriyaya hərbi müdaxiləyə
hazır olduğunu, bunun üçün sadəcə, prezident Barak Obamanın əmrini
gözlədiklərini bildirib. Xəbərlərdə hücuma Fransa və İngiltərənin
də qoşulacağı göstərilir. Ancaq hələlik bu müdaxilə barəsində BMT
Təhlükəsizlik Şurasında konkret qərar qəbul edilməyib. Elə bu
baxımdan əkəsr siyasi şərhçilər ABŞ-ın Suriyaya daxil olacağını
iddia etmirlər. Ancaq məsələnin digər tərəfi ondan ibarətdir ki,
hazırda Suriyada həm indi rejimə, həm də müxalifətə qarşı döyüşən
yüzlərlə dünyanın müxtəlif bölgələrindən, o cümlədən Qafqazadan
getmiş silahlılar var. Qərb qoşunlarının Suriyaya zərbə endirəcəyi
təqdirdə Qafqazdan gedənlərin yenidən bölgəyə qayıtması və müəyyən
təhlükə mənbəyinə çevrilə bilməsi aktuallaşır. Avrasiya
Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq
Hatəm Cabbarlı bildirdi ki, hazırda Suriyada kifayət qədər muzdlu
silahlı qüvvələrin olması bəllidir: "Mətbuatda çıxan məlumatlara
görə 29 avqustda ABŞ silahlı birləşmələri Suriyaya hücum edəcək. Bu
kimi informasiyalara ciddi yanaşmıram. Amma informasiyanın ABŞ –ın
bilərəkdən mətbuata ötürməsi kimi də başa düşmək olar. Ancaq ABŞ
Suriyaya hərbi müdaxilə edəcəksə, Əsəd rejiminin yanında olan
qafqazlı silahlı qrupların Əsəd rejiminin ehtimal olunan
məğlubiyyətindən sonra ilk işləri regiona qonşu olan dövlətlərə
geri qayıtmasıdır. Bu geriqayıtma toplu şəkildə ola bilməz. Onlar
kiçik qruplar və ya təkbaşına qonşu dövlətlərə geri qayıtmağa
çalışacaqlar. Geriqayıtma onlar üçün də müəyyən problem yarada
bilər. Çünki, Yaxın Şərqə yaxın və ən sabit Türkiyə dövlətidir.
Türkiyə üzərindən Qafqaza qayıtma onlara problem ola bilər. Amma
müəyyən qruplar və fərdlər maneələri dəf edərək regiona gələ
bilərlər. Ancaq onların qayıtmasından sonra bölgədə vəziyyətin çox
ciddi təhlükə ilə qarşı – qarşıya duracağını zənn etmək olmaz. Bir
– iki epizod yaşana bilər, amma bu, bölgənin ümumi təhlükəsizlik
sistemini zərərləyəcək qədər potensiala sahib olmayacaq".
Azərbaycan Respublikası Prezidenti yanında
Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin
təhlili şöbəsinin müdiri Rövşən İbrahimovun sözlərinə görə, ABŞ
Suriyaya bu qədər rahat şəkildə keçməsi gözlənilmir: "Birinci
növbədə bu barədə BMT-nin Təhlükəsizlik Şurasının qərarı lazımdır
ki, hansısa müdaxilə olunsun. ABŞ 2003 – cü ildə Təhlükəzilik
Şurasından mandat almadan İraqa müdaxilə etmişdi. Fəqət o, olduqca
uzun müddət vaxt almışdı. Ona görə də başda ABŞ olmaqla Qərb
qüvvələrinin Suriyaya müdaxiləsini düşünmək olduqca sadəlövlük
olardı. Digər tərəfdən, istər Bəşər Əsəd tərəfdə, istərsə müxalifət
tərəfdə vuruşan döyüşçülərin birinci növbədə özlərinin marağındadır
ki, onlar vaxtında öz ölkələrinə qayıtsınlar. Əks təqdirdə
müdaxilələr zamanı kimsə döyüşçülərin milliyyətinə görə fərqli
rəftar göstərməyəcək. Bu, müharibədir. Bilirik ki, adətən belə növ
müdaxilələrdə daha çox isabəti dəqiq olan müxtəlif uzaq vuran
silahlardan istifadə edilir. Ona görə də burada hansısa bir insan
tələfatının qarşısını almaq üçün minimallaşdırma prosesi getmir.
Əgər onlar fikirləşirlərsə ki, onlar həmin torpaqlarda sona qədər
vuruşub ölməlidirlərsə, deməli, elə də olacaq".
Politoloq əlavə etdi ki, nəticə etibarı
ilə ora regiondan neçə döyüşçünün hansı məqsədlə getdiyini çox
aydın bilmirik: "Əlbəttə ki, onlar hər zaman potensial təhlükə ola
bilərlər. Amma hazırda onları ümumi gərginlik yaradacaq güc kimi
hesab etmək tezdir. Çünki, bunun üçün kifayət qədər məlumat yoxdur.
Ümumilikdə, radikal ekstremist təfəkkürə sahib olan insanlar hər
zaman potensial təhlükədir. Lakin məhz Suriyada olan döyüşlərin
həmin potensialda detanator olacağını demək tezdir".