"Bu hücumları Suriya hökuməti həyata keçirib"
29 Avqust 2013 12:38 (UTC+04:00)
Amerika Birləşmiş Ştatları Suriyada kimyəvi silah hücumlarının
müxalifət qüvvələri tərəfindən deyil, Suriya hökuməti tərəfindən
həyata keçirildiyinə inanır. Bunu ABŞ prezidenti Barak Obama "PBS"
telekanalına müsahibəsində deyib. Obama ABŞ-ın Suriyaya hərbi
müdaxiləyə dair hələ qərar vermədiyini, lakin Pentaqonun bir neçə
mümkün variant hazırladığını bildirib.
"Hələ bir qərara gəlməmişik, lakin kimyəvi silahlardan istifadəyə
qarşı beynəlxalq normaya toxunulmamalıdır və heç kim Suriyada mülki
şəxslərə qarşı geniş miqyasda kimyəvi silahlardan istifadə edilməsi
ilə bağlı mübahisə etməməlidir. Bütün dəlilləri nəzərdən keçirmişik
və müxalifətin bu növ kimyəvi silahlara malik olduğuna inanmırıq.
Biz inanmırıq ki, müxalifət qüvvələri bu cür çatdırılma sistemi
ilə, raketlərdən istifadə etməklə bu hücumları həyata keçirə
bilərdi. Bu qənaətə gəldik ki, əslində bu hücumları Suriya hökuməti
həyata keçirib və əgər bu belədirsə, bunun beynəlxalq səviyyədə
nəticələri olmalıdır." - deyə, Barak Obama bildirib.
Barak Obama onu da vurğulayıb ki, Suriyada uzun müddət davam edən
və sonu görünməyən bir münaqişənin olmasını istəmir və ABŞ-ın
müdaxiləsi olarsa, bu, məhdud miqyasda olacaq.
Bu arada, BMT-nin Təhlükəsizlik Şurasının dünən keçirilən qapalı
iclasına böyük ümidlərin olmasına baxmayaraq, daimi üzvlər
Britaniyanın təqdim etdiyi qətnamə layihəsi ətrafında razılığa gələ
bilməyiblər. Rəsmi Vaşinqton Təhlükəsizlik Şursında konsensusun
əldə olunmamasına görə növbəti dəfə Rusiyanı ittiham edib. Qeyd
edək ki, dünən Britaniya hökuməti BMT-nin Təhlükəsizlik Şurasına
Dəməşqdə kimyəvi hücuma görə Suriya hökumətini pisləyən qətnamə
layihəsi təqdim edib. Qəti ölçülər sırasında hərbi müdaxilə
variantı da istisna edilmir. Bu gün isə Britaniya parlamenti Suriya
məsələsində ölkənin atacağı addımları müzakirə etmək üçün fövqaladə
iclas keçirəcək.