Rusiya Azərbaycana müşahidə missiyası göndərəcək

29 Avqust 2013 12:44 (UTC+04:00)

Rusiyanın Mərkəzi Seçki Komissiyası oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı müşahidə missiyasını göndərəcək. Trend-in Rusiyanın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya MSK-nın katibi Nikolay Konkin bildirib. Konkin deyib ki, müşahidə missiyasına 2 heyət daxil olacaq, bunlardan biri MSK üzvləri, digəri isə dairə seçki komissiyalarının rəhbərlərindən ibarət olacaq. Qeyd edək ki, MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.