Qurban Qurbanov "Ayntraxt"ı tərifləyib

29 Avqust 2013 13:30 (UTC+04:00)

"İlk oyundakı məğlubiyyətə (0:2) baxmayaraq, Almaniyaya yaxşı əhval-ruhiyyədə gəlmişik. Bizim üçün belə bir komanda ilə, bu cür arenada oynamaq çox xoşdu. Yaxşı oyun göstərmək istəyirik."

Bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsinin "Ayntraxt"la (Frankfurt) cavab oyunu ərəfəsində keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Bundesliqanı Azərbaycan çempionatı ilə müqayisə etmək olmaz. Ona görə də komandalar arasında fərq nəzərə çarpır: "Rəqibin şansları daha çox olsa da, biz yaxşı oyun nümayiş etdirəcəyik. Bundesliqa Avropanın ən güclü çempionatlarından biridir. Çempionlar Liqasının sonuncu finalında iki alman klubunun qarşılaşması da təsadüfi deyil."

Q.Qurbanov ilk oyun haqqında söyləyib ki, Bakıdakı oyunda qol vura bilərdik. Ancaq imkanlardan istifadə etməyi bacarmadıq. Sabahkı oyunda mütləq erkən qol vurmalıyıq. "Qarabağ"ın Almaniyada da azarkeş dəstəyinin olacağına ümid edirəm. İstərdim ki, onlar gəlib bizi dəstəkləsinlər.

"Ayntraxt" - "Qarabağ" oyunu bu gün Bakı vaxtı ilə saat 23:30-da keçiriləcək.