TQDK sədri dərsliklərin hazırlanmasında mütəxəssislərin cəlb olunmasını zəruri sayır

29 Avqust 2013 14:37 (UTC+04:00)

Orta məktəb şagirdləri üçün "Ana dili" dərsliklərinin yazılması prosesinə dilin inkişafı ilə məşğul olan mütəxəssislərin müdaxilə etməsinə ehtiyac duyulur. Bunu Trend-ə müsahibəsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

Komissiya sədri bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasında "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın icrası ilə əlaqədar Kamal Abdullanın rəhbərliyi ilə yaradılmış işçi qrup da bu sahəyə müdaxilə etmək fikrindədir. Bunu çox yaxşı hal sayan M.Abbaszadənin sözlərinə görə, bu məsələ ilə bağlı Yazıçılar Birliyinin üzvlərinin də fikirləri çox dəyərlidir:
"Ana dili" dərsliyini uşaqlara o səviyyədə təqdim etməliyik ki, onlar ana dilində yazmağı, öz fikirlərini izah etməyi bacarsınlar, ana dilini bilsinlər. Bu, çox mühüm məsələdir. Mütəxəssislərin bu məsələyə müdaxilə etməsinə ehtiyac duyulur. Təkcə o mütəxəssislər yox ki, onlar orta məktəbdə dərs deyirlər. O mütəxəssislərin müdaxiləsinə ehtiyac var ki, onlar dilin inkişafı ilə məşğul olurlar. Dilin inkişafı prosesində yazıçılar da iştirak edirlər. Yazıçılar Birliyinin üzvlərinin də fikirləri bizim üçün çox dəyərlidir. Ancaq "Ana dili"nin məktəbdə necə tədris olunması, onun metodikası və s. barədə müəllimlər öz sözlərini deməlidirlər".

Ana dili ilə yanaşı, riyaziyyatın da bütün ölkələrdə təhsil sisteminin bünövrəsini təşkil etdiyini deyən M.Abbaszadə bildirib ki, Azərbaycan hansısa beynəlxalq qiymətləndirmə prosedurlarında digər fənlərlə müqayisədə riyaziyyata görə orta səviyyələrdə yer tuta bilir:
"O biri sahələrdə nəticələr o qədər də yaxşı deyil. Riyaziyyat sahəsində bizim çox gözəl elmi məktəblərimiz, riyaziyyatçılarımız var. Riyaziyyat da dəyişir, riyaziyyatın da orta məktəblərdə tədris prosesi dəyişir. Biz riyaziyyat sahəsində yaxşı nəticələr əldə edən ölkələrin təcrübəsindən istifadə edə bilərik. Mən demirəm ki, dərsliklərimizi həmin ölkələrin dərsliklərinə uyğunlaşdırmalıyıq, yaxud kiminsə dərsliyini götürüb istifadə etməliyik. Bu iki yoldan o zaman istifadə edilər ki, yerli müəlliflər normal səviyyədə dərslik təqdim edə bilməsinlər".

M.Abbaszadə onu da bildirib ki, əgər dərslikdə riyazi səhv varsa, orta məktəbdə ondan istifadə etmək düzgün deyil.

Qeyd edək ki, TQDK I siniflər üzrə "Ana dili" və "Riyaziyyat", II siniflər üzrə "Azərbaycan dili", "Riyaziyyat", "Həyat bilgisi" və "İngilis dili", III və IV siniflərin hər birində "Azərbaycan dili", "Riyaziyyat" və "Həyat bilgisi" dərslikləri, V siniflərin "Azərbaycan dili", "Riyaziyyat", "İngilis dili" dərsliyi, "Həyat bilgisi" adlı iki variativ dərsliyi, "Ədəbiyyat" dərsliyinin iki variativ nəşrindən birinin orta məktəblərdə istifadəsini məqsədəuyğun saymayıb.