3000-dək avtomobil yoxlanılıb

30 Avqust 2013 11:07 (UTC+04:00)
"Təmiz hava" aylığı çərçivəsində müəssisələrdə 3000-dək avtomobil yoxlanılıb".  Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun Movqe.az-a verdiyi məlumata görə, paytaxtda keçirilən "Təmiz hava" aylığı çərçivəsində ilkin mərhələdə fərdi avtomobillər yoxlanılıb və atmosferə normadan artıq dəm qazı buraxan avtomobil sahibləri cərimələnib. Yol polisi əməkdaşları və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri ilə birgə həmçinin müxtəlif müəssisə və şirkətlərə məxsus avtoparklarda yoxlamalar keçiriblər. Vaqif Əsədovun sözlərinə görə, bu günədək 17 müəssisədə yoxlamalar aparılıb. Nəticədə 3000-ə yaxın avtomobil baxışdan keçirilib və onların 221-ində nöqsanlar, yük daşıyan avtomobillərdə, avtobuslarda nasazlıq aşkarlanıb: "Qaydalara əsasən avtomobillərdə ətraf mühitə atılan dəm qazının miqdarı 3-3,5 faizi keçsə bu İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinə görə 150 manatdan 2500 manatadək cərimə deməkdir".