Mehmet Haberal : “Türkiyənin torpaqları mənim üçün nə qədər əzizdirsə, Azərbaycan torpaqları da o qədər əzizdir”

30 Avqust 2013 14:56 (UTC+04:00)

Dünyaca məşhur cərrah, Türkiyədə bir çox xəstəxananın, Ankaradakı Başkent Universitetinin, təhsil və media qurumlarının qurucusu, CHP Zonguldak millət vəkili, professor Mehmet Haberalın APA-nın Türkiyə müxbirinə müsahibəsi


-Azadlığınıza qovuşduğunuz gündən bəri sizinlə əlaqə yaratmağa çalışdıq.Hər şeydən əvvəl "keçmiş olsun" deyir və söhbət üçün vaxt ayırdığınıza görə təşəkkür edirik.


- Çox təşəkkür edirəm, çox minnətdaram. Sizin göstərdiyiniz diqqət də mənim üçün unudulmazdır, mən də bunu heç vaxt unutmayacağam.


- Sıxıntılı günlərinizdə Azərbaycandan Sizə dəstək verənlər oldu...


- Bilirəm, hər şeydən xəbərim var. Azərbaycanın göstərdiyi diqqət sıxıntılı günlərimdə həmişə məni duyğulandırdı. Mənə Türkiyədən və dünyanın bir çox ölkəsindən dəstək verildi, ancaq səmimi deyirəm ki, azərbaycanlı qardaşlarımdan gördüyüm dəstək məni həmişə duyğulandırdı. Buna qəti əmin oldum ki, sıxıntılı günlərdə gerçək qardaşların verdiyi dəstəyin yeri başqa imiş.


-O günlər geridə qaldı.Bundan sonra Azərbaycanla əlaqələri daha da gücləndirmək üçün nələr düşünürsünüz?


- Mənim həyata keçirməyi düşündüyüm planlar içərisində Azərbaycan həmişə ön sırada olub. Orada dializ mərkəzi qurmuşuq, Hikmət İsmayılov Bakıda çox yaxşı işlər görür. Hikmət bəyi 1987-ci ildə qurduğum Orta Şərq orqan nəqli dərnəyinin Avrasiya təmsilçisi vəzifəsinə təyin etmişik. Bundan sonra Azərbaycanla əlaqələrimizi daha yüksək səviyyəyə çıxarmaq üçün əlimizdən gələni etməliyik. Biz əl-ələ verib 7 gün, 24 saat birlikdə çalışmalıyıq ki, dünyadakı elmi inkişafdan kənarda qalmayaq. Mərhum Heydər Əliyev demişdi ki, biz bir millət, iki dövlətik. Bizim qardaşlığımızı bu söz çox sərrast şəkildə ifadə edir. Mən Türkiyənin hər sahədə inkişafını nə qədər çox istəyirəmsə, Azərbaycanın və o biri Türk ölkələrinin inkişafını da o qədər səmimi-qəlbdən istəyirəm. Bunun üçün əlimdən gələn nə varsa, həmişə tərəddüdsüz şəkildə həyata keçirməyə hazıram. Vətən olduğuna görə, biz varıq, biz olduğumuza görə, vətən yoxdur. Ona görə də mənim üçün hər şey vətənə daha yaxşı xidmət etmək prinsipindən keçir. Arzu edirəm ki, Türkiyədə, digər Türk cümhuriyyətlərində insanlar azadlıq və rifah içində yaşasınlar. XXI əsr dünyasının əsas prinsipi budur və biz xalqlarımızı daha da xoşbəxt etmək üçün insan azadlıqlarına daha çox önəm verməliyik.


-Dünyanın tanıdığı bir elm adamı kimi bundan sonra Azərbaycan və digər Türk ölkələri ilə əlaqələri gücləndirməyi planlaşdırırsınız.12 iyun 2011-dən bəri siz millət vəkilsiniz, siyasi kimliyiniz var. Türkiyə ilə Azərbaycan və o biri Türk ölkələri arasındakı siyasi münasibətləri dərinləşdirmək üçün hansı düşüncələriniz var? Xüsusilə, Azərbaycanın ən böyük sıxıntısı olan torpaqlarımızın erməni işğalından xilas edilməsi və 1 milyon qaçqınımızın Türk torpağı olan Qarabağdakı yurdlarına dönməsi üçün siyasi imkanlarınızı necə səfərbər etməyi düşünürsünüz?


- Qardaş Azərbaycan torpaqlarının erməni işğalı altında qalması və Qarabağ türklərinin öz doğma vətənlərində qaçqın statusu ilə yaşaması siyasətdə olmazdan əvvəl də həmişə içimi göynədib. Mənim qurduğum media qurumlarının bu məsələni həmişə birinci planda saxladığını bilirsiniz. Düzünü deyim ki, siyasi kimliyimlə bu məsələni ətraflı dəyərləndirmək imkanım olmayıb. Hər şeyi ətraflı şəkildə analiz edəcəyəm və istər Türkiyə Böyük Millət Məclisinin kürsüsündən, istərsə də beynəlxalq tribunalardan azərbaycanlı qardaşlarımın məruz qaldığı böyük haqsızlığa qarşı çıxacağam. Böyük Atatürk "Yurdda sülh, cahanda sülh" deyib. İndi hansı zəmanədir ki, başqa ölkənin torpaqları işğal olunsun, 1 milyon insan yurd-yuvasından didərgin düşsün? Buna etiraz etmək və ədalətin zəfər çalması üçün illah da siyasətçi olmaq lazım deyil. Bu, vicdanı olan hər bir insanın məsələsidir, ona görə də mən, hər şeydən əvvəl bir insan kimi, bir doktor kimi, bu duruma qəti şəkildə etiraz edirəm. Mustafa Kamal Atatürk deyirdi ki, çox məcbur qalmadıqca müharibə etmək cinayətdir. Bunu hər kəsin, xüsusilə, başqa ölkənin torpaqlarını işğal edənlərin anlaması və bir an əvvəl Azərbaycan torpaqlarından çıxmaları lazımdır. Bu haqsızlığın aradan qaldırılması üçün çalışmaq mənim həkimlik və insanlıq humanizmimin önəmli bir parçasını təşkil edir. Azərbaycanlı qardaşlarımın nə vaxt ehtiyacı olsa, mənim qurduğum bütün xəstəxanalar, ali məktəb, media qurumları onların əmrindədir. Türkiyə də, Azərbaycan da savaş istəməyən ölkələrdir, amma qardaş Azərbaycan torpaqlarının erməni işğalı altında qalması da qəbul edilə biləcək bir durum deyil. O torpaqları işğal edənlər bunu yaxşı düşünüb haqsızlığı sülh yolu ilə aradan qaldırmaq üçün özləri addım atmalıdırlar. Təkrar edirəm ki, bunun üçün siyasətçi olmaq mühüm deyil, mən bir həkim kimi, bir insan kimi bu haqsızlığa qarşı indiyə qədər necə çıxmışamsa, bundan sonra da çıxacağam. Türkiyə Cümhuriyyətinin torpaqları mənim üçün nə qədər əzizdirsə, qardaş Azərbaycanın torpaqları da mənim üçün o qədər əziz və doğmadır. Azərbaycanlı qardaşlarıma salam və sevgilərimi göndərirəm.


-Azərbaycana gedəcəksinizmi?


- Ən yaxın müddətdə Azərbaycana getmək istəyirəm. Vaxt sürətlə keçir. Türkiyə-Azərbaycan qardaşlığını bütün sahələrdə inkişaf etdirmək üçün tez-tez bir araya gəlməliyik. Bunu bacarsaq, dünyadan geri qalmayacaq, əksinə daha irəliyə gedəcəyik. Diqqət və sevgisini məndən heç vaxt əsirgəmədiyini çox yaxşı bildiyim Azərbaycana sizin vasitənizlə bir daha salamlarımı göndərirəm.