Türkiyə: Suriyada mümkün hərbi əməliyyatlar Əsəd rejiminin devrilməsinə yönəldilməyəcək

30 Avqust 2013 14:55 (UTC+04:00)

Suriyada mümkün hərbi əməliyyatların məqsədi Bəşər Əsəd rejiminin devrilməsinə deyil, yalnız onun hərbi qüdrətinin zəiflədilməsinə yönəldiləcək. Mövqe.az-ın Türkiyənin "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın nazirlərlə Suriya məsələsinə həsr olunan görüşündə bildirilib.

Nəşrin məlumatına görə, görüşdə xarici işlər, daxili işlər, müdafiə və hökümətin digər nazirləri iştirak ediblər.

Təcili görüşdə Türkiyə Suriyaya qarşı birbaşa hava hücumlarında iştirak etməyəcəyinə və yalnız digər ölkələrə bu hava hücumunu reallaşdırmaqda kömək edəcəyinə dair razılığa gəlinib.

Bundan əlavə Ərdoğan Suriya ilə sərhəd əyalətlərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və ora əlavə hərbi texnika və insan resurslarının göndərilməsini tapşırıb.