“Diffamasiya haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq

30 Avqust 2013 17:00 (UTC+04:00)

Azərbaycanda uzun müddətdir müzakirəsi gözlənilən "Diffamasiya haqqında" qanun layihəsi Milli Məclisin payız sessiyasının gündəliyinə daxil edilib.


Parlamentdən APA-ya verilən məlumata görə, qanun layihəsi Avropa Şurasının Venesiya Komissiyası ilə razılaşdırılma ərəfəsindədir və müzakirələr yekunlaşmaq üzrədir.

 

Qanunun qəbulu ilə bağlı mübahisəli məqam olan Cinayət Məcəlləsindəki 147 (böhtan) və 148-ci (təhqir) maddələr Avropa ölkələrinin təcrübəsi əsas götürülmək şərtilə çıxarılmayacaq, saxlanılacaq. Yəni bu maddələr tətbiq edici yox, çəkindirici gücə malik olacaq.

 

Qanunla bağlı bütün yeniliklər və razılaşmalar isə parlamentdə müzakirələr zamanı açıqlanacaq.