Mətbuat Şurasında ESISC təmsilçisi ilə görüş keçirilib

30 Avqust 2013 18:49 (UTC+04:00)

Bu gün Azərbaycan Mətbuat Şurasında ölkəmizdə səfərdə olan Avropa Strateji Kəşfiyyat və TəhlükəsizlikMərkəzinin (ESISC) baş katibinin müavini Vilyam Rasimora ilə görüş keçirilib.


Qonağı salamlayan MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Mətbuat Şurasının fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib. M.Ələsgərli bildirib ki, Azərbaycan Mətbuat Şurası medianın özünütənzimləmə orqanıdır. Təşkilatın İdarə Heyətinin tərkibi jurnalistlərin qurultaylarında formalaşır. MŞ jurnalistlərin yaratdıqları qurum olduğundan aidiyyatı məsələlərlə əlaqədar ölkənin media ictimaiyyətinin mövqeyini ifadə edir. Buna görə də Avropa ekspertlərinin Şura ilə müzakirələr aparması Azərbaycan mediası ilə bağlı dolğun obyektiv rəyin formalaşmasının təminatı baxımından önəmlidir.


R.Vilyam çıxışında 2002-ci ildə yaradılmış, baş ofisi Belçikanın paytaxtı Brüsseldə yerləşən mərkəzin fəaliyyətində medianın mühüm rol oynadığını diqqətə çatdırıb. Təşkilatın reallaşdırdığı layihələr barədə məlumat verib. ESISC-in bir çox ölkələrdə fundamental dəyərlərin vəziyyətini araşdırdığını diqqətə çatdıran avropalı qonaq Azərbaycanla əlaqədar obyektiv rəyin öyrənilməsinin təmsil etdiyi qurum üçün son dərəcə vacibliyini vurğulayıb. O, xüsusən ölkəmizdə müxalifət mediasının, ümumən tənqidi fikrin yayılmasının vəziyyətilə maraqlanıb, bu və digər məsələlərlə əlaqədar suallarını ünvanlayıb.


Görüşdə bildirilib ki, Azərbaycanda media sahəsindəki mövcud problemlər tutduğu mövqedən asılı olmayaraq, bütün kütləvi informasiya vasitələrini əhatə edir. Həmin çətinliklər barədə Mətbuat Şurasında çoxsaylı müzakirələr keçirilib. Bu müzakirələr jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılmasını, KİV-məmur münasibətlərini və digər istiqamətləri əhatə edib. Mövcud xüsusda yerli və beynəlxalq təşkilatlarla, o cümlədən dövlət qurumları ilə səmərəli əməkdaşlıq da münasibətləri də qurulub.


Görüşdə o da bildirilib ki, Mətbuat Şurası media ilə bağlı çətinliklərin aradan qaldırılmasına kompleks yanaşır. Əsas problem isə medianın reklam bazarının zəifliyidir. Bu cəhət onun özünü maliyyələşdirməsinə maneçilik törədir. Mövcud durum Azərbaycan dövləti tərəfindən də nəzərə alınır. "Azərbaycan Respublikasında kütləvi ifnormasiya vasitələrinn inkişafına dövlət dəstəyi Konsepsiyası"nın, eləcə də sənədə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun formalaşdırılması da bundan irəli gəlib və ümumən müstəqil media prinsiplərinin möhkəsmləndirilməsini hədəf seçib.


Qarşılıqlı müzakirələr şəraitində keçən görüşdə azad media mühitinin hər bir demokratik quruculuq yolu tutmuş ölkə üçün vacibliyi bildirilib. Eyni zamanda dünyada media sahəsində də özünü göstərməkdə olan ikili standartlar siyasətinin mövcudluğu önə çəkilib. Azərbaycanın da zaman-zaman belə siyasətlə üzləşdiyi vurğulanıb.


Qeyd edək ki, görüşdə MŞ sədrinin müavini M.Ələsgərli ilə yanaşı, qurumun İdarə Heyətinin üzvləri - "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid iştirak edib.