Rabitə Nazirliyi tələbələrə noutbuk payladı
31 Avqust 2013 12:28 (UTC+04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) 600-dən
yuxarı bal toplayaraq İnformasiya Texnologiyaları Universitetinə
(İTU) qəbul olunmuş hər bir abituriyentə noutbuk hədiyyə edib.
Nazirlikdən Movqe.az-a verilən məlumata görə, hədiyyələr rabitə və
informasiya texnologiyaları naziri Əli Abbasovla universitetin ilk
tələbələri arasında keçirilən görüşdə təqdim edilib.
Qeyd edək ki, nazirliyin İTU tələbələri üçün hazırladığı hədiyyələr
bununla məhdudlaşmır. Belə ki, bu təhsil müəssisəsini seçən
abituriyentlər dövrün ən müasir və tələbat duyulan ixtisaslarına
yiyələnməklə yanaşı, RİTN tərəfindən yaradılan bir sıra
üstünlüklərə də malik olacaqlar.
Nəzərdə tutulan üstünlüklərə görə, onlar Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin birlik və müəssisələrində təcrübə
keçmək imkanı qazanacaq, məzunlar RİTN-in birlik və
müəssisələrində, özəl şirkətlərdə işlə təmin olunacaqlar. Eyni
zamanda İTU məzunlarına xaricdə magistr pilləsində təhsil almaq
üçün nazirlik tərəfindən dəstək veriləcək.
Bundan başqa, müxtəlif həvəsləndirici mükafatlar (əlavə təqaüdlər,
yay məktəblərində iştirak və s.), eyni zamanda aztəminatlı
ailələrin övladlarına maddi dəstəyin göstərilməsi, yataqxana və
s.-lə təminat da nəzərdə tutulur.
Qeyd edək ki, İnformasiya Texnologiyaları Universiteti (İTU)
Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2013-cü il tarixli
sərəncamı ilə yaradılıb. İTU 2013/2014-cü tədris ilində bakalavr
səviyyəsində dövlət sifarişi əsasında müvafiq ixtisaslar üzrə
mütəxəssis hazırlığı həyata keçirəcək. Bu ixtisaslara "İnformasiya
təhlükəsizliyi", "Kompüter elmləri", "Kompüter mühəndisliyi",
"İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi" daxildir.
Birinci il intensiv şəkildə ingilis dili tədris ediləcək. Növbəti 4
ildə isə seçilmiş ixtisaslar üzrə ingilis dilində təhsil
aparılacaq.
2013/2014-cü tədris ilində abituriyentlərin qeydiyyatı və ingilis
dilinin tədrisi İTU üçün müvafiq binanın inşası başa çatdırılana
qədər Azərbaycan Diplomatik Akademiyasında (Ünvan: AZ1008 Bakı
şəh., Əhmədbəy Ağaoğlu küçəsi, 11 ("Gənclik" metrosunun yanı)
aparılacaq.
Universitetin gələcəkdə dünyanın ən müasir və qabaqcıl təhsil
müəssisələrindən birinə çevrilməsi də diqqət mərkəzində olacaq.