İranın "Eurovision" dərdi böyüyür

17 May 2012 10:20 (UTC+04:00)

İran və Azərbaycan arasında indi əsas etibarı ilə gərginlik üzərində köklənmiş münasibətlər getdikcə daha radikal xarakter almaqdadır. Proseslərin gedişi göstərir ki, bu münasibətlər hələ yaxın perspektivdə düzələn deyil.

Əksinə, iki ölkənin səfirlikləri qarşısında davamlı şəkildə yeni etiraz aksiyalarının keçirilməsi vəziyyətin bir qədər də gərginləşməsinə xidmət edir. Həmçinin o da aydın müşahidə olunur ki, İranın mövqeyi üzündən yaranan bu durum beynəlxalq sanksiyalar əlində aciz qalan cənub qonşumuzun özünə də müsbət heç nə vəd etmir.

Bu arada qeyd edək ki, mayın 16-da İranın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Aksiyanı Dünya Azərbaycanlıları Konqresi (DAK) və Beynəlxalq Diaspora Mərkəzi (BDM) keçirib. Aksiya iştirakçıları bildiriblər ki, məqsəd İranın Azərbaycana qarşı yeritdiyi mənfi siyasətə, İranın Ermənistanla isti münasibət qurmasına və bu kimi hallara etiraz etmək olub. Aksiyada DAK həmsədri, deputat Sabir Rüstəmxanlı, konqresin İdarə Heyətinin üzvləri Xəzər Emin, Əjdər Tağızadə, BDM sədri İsmayıl Ağayev çıxış ediblər. Çıxışlarda İranın Azərbaycana qarşı siyasəti kəskin tənqid olunub, bu ölkədən işğalçı Ermənistanla dostluq əlaqələrini dayandırması tələb edilib. Aksiyada "Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!", "Qarabağı işğal edən Ermənistana yardımları dayandır!" "Qatillərə qucaq açan ölkəyə ar olsun!", "İranda Azərbaycan qardaşlarına dəstək!" şüarları səsləndirilib.

Bununla yanaşı, o da məlumdur ki, İran hakimiyyəti mayın 18-də Təbrizdə Azərbaycan Respublikası əleyhinə böyük etiraz aksiyası keçirməyi planlaşdırır. Belə bir aksiya keçirmək planının olduğu İranın dini lideri Ayətullah Əli Xamneyinin Təbrizdəki nümayəndəsi, Təbriz cümə namazının rəhbəri ayətullah Möhsün Müctəhid Şəbüstərinin çıxışı zamanı aydınlaşıb. Təbrizin cümə namazında çıxış edən Müctəhid Şəbüstəri deyib: "Dünya zülmkarları gündən-günə zəiflədiyi bir halda çox təəccüblüdür ki, bəzi müsəlman ölkələri, o cümlədən Azərbaycan Respublikası və Əfqanıstan özlərini dünya zülmkarlarının tələsinə salır, islama zidd fəaliyyət göstərir, onlarla təslimçi müqavilələr bağlayaraq islam dünyasının nifrətini qazanırlar.

Təbriz əhalisi gələn həftə cümə namazını qıldıqdan sonra misli görünməmiş yürüşlər keçirərək Azərbaycan Respublikasının bu kimi islama zidd əməllərini kəskin pisləyəcək". Bununla bərabər, o da məlumdur ki, bu aksiyaların təşkilində "Eurovision" mahnı müsabiqəsi də az rol oynamır. İran hələ də tam məlum olmayan səbəblər üzündən belə bir böyük mədəni tədbirin Azərbaycanda keçirilməsini həzm edə bilmir. İran parlamentinin üzvü Məhəmməd Kərəmirad jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasında keçiriləcək "Eurovision" mahnı yarışmasından danışarkən yenidən ölkəsinin mövqeyini bir daha meydana qoyub. O, yenə də cəfəng fikirlər səsləndirərək deyib ki, Qərbin təsiri altında Bakıda keçirilməsi nəzərdə tutulan "Eurovision" mahnı müsabiqəsi həyasızlığı yaymaq məqsədi daşıyır: "Azərbaycan Respublikası əhalisi əsasən müsəlman şiələrdən ibarətdir. Belə bir ölkədə bu müsabiqənin keçirilməsi Qərbin hiylələrindən biri sayılır və islamofobiya siyasətinə xidmət edir. Azərbaycan hökuməti Qərbin istiqamətləndirməsi ilə bu ölkəni sionist rejim üçün bir bazaya çevirməkdədir və islam dinini zəiflətmək məqsədi ilə onların yürütdüyü siyasətləri çərçivəsində hərəkət edir. Azərbaycan hökuməti dərhal bu rüsvayçı və əxlaqa zidd müsabiqənin keçirilməsinin qarşısını almalıdır, əks təqdirdə bu ölkə müsəlmanlarının ciddi reaksiyası ilə üzləşəcək".

Dünya Azərbaycanlıları Konqresinin həmsədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bu fonda diqqətə çatdırır ki, Azərbaycan-İran münasibətləri gərginləşməkdə davam edir. Onun fikrincə, İran üzdə Azərbaycanla bir münasibət, arxada isə tamamilə əks siyasət aparır: "Azərbaycanla dost olduğunu bildirən İran Azərbaycanın ərazilərini işğal etmiş Ermənistanla dostluq edir. İranda yaşayan 35 milyondan çox azərbaycanlının fundamental hüquqları kobud şəkildə tapdanır". DAK həmsədrinin fikrincə, son günlərdə İranda və Azərbaycanda qarşılıqlı piketlərin keçirilməsi problemin ciddi olduğundan xəbər verir: "Düşünürəm ki, İranda da kifayət qədər ağıllı adamlar var. Onlar da düşünür ki, davamlı düşmənçilik heç bir dövlətə fayda verməz" .

Cənab Rüstəmxanlı İranda guya Azərbaycanda Avropa geylərinin nümayişinin keçiriləcəyi ilə bağlı şayiələrə əsaslanaraq siyasi rəhbərliyin təşkilatçılığı ilə piket keçirildiyini də diqqətə çatdırıb: "Azərbaycanda Avropa geylərinin paradı ilə bağlı şayiələrə inanan insanlar neçə illər Tehranda səfirliyi olan bu ölkələrə niyə etiraz etmir. İslamın təəssübünü çəkən insanlar ilk öncə bu ölkələrin Tehrandakı səfirliklərinin qarşısında toplaşmalıdır. Amma, islam təəssübkeşləri nədənsə açıq şəkildə "öz ərazimizdən qonşu dövlətə qarşı müdaxiləyə yol verməyəcəyik" bəyanatı ilə çıxış edən Azərbaycanın Təbrizdəki konsulluğunun qarşısında piket keçirir. Deməli, etiraz aksiyaları İran hakimiyyətinin sifarişi ilə keçirilir. Hətta kişinin kişi, qadının qadınla rəsmi evlənməsinə icazə verən ölkələrin İranda səfirlikləri var". Sabir Rüstəmxanlının fikrincə, İranın Azərbaycana münasibəti səmimi deyil. Ekspertlər hesab edir ki, İranın Azərbaycana qarşı qeyri-səmimi münasibətinin ən bariz göstəricilərindən biri də Tehranın işğalçı Ermənistanla olan münasibətləridir.

Rusiya Geosiyasi Problemlər Akademiyasının prezidenti, general-polkovnik Leonid İvaşov bildirir ki, Ermənistan çox ağır vəziyyətdədir: o, demək olar, izolyasiyadadır. Dünyaya çıxış ancaq İrandandır, əgər bu yol bağlansa, Ermənistan yaşaya bilməyəcək və o, Azərbaycana güzəştə getməli olacaq. Lakin İran nəinki Ermənistanla əlaqələrini kəsir, əksinə onu daha da inkişaf etdirir.

Səməd CƏFƏROV