3 Aprel 2012 20:08 (UTC+04:00)
"Qarabağ" klubunun futbolçusu Rəşad Sadıqovun Apasport.az saytına müsahibəsi.

- Komandanız son vaxtlar uğurlu çıxışı ilə diqqət çəkir. Çempionatda 2-ci pilləyə qalxmısınız, ölkə kubokunda yarımfinala çıxmısınız. Belə demək olar ki, "Qarabağ" avrokuboklara vəzifəni böyük ölçüdə təmin edib?

- Yox. Çünki ilk "üçlük" avrokuboklara vəsiqəni təmin edir, 4-cü yerlə də fərqi cəmi 3 xaldır. "Xəzər-Lənkəran"la səfərdə oyunumuz var. Rəqib evdə yaxşı çıxış edir. Bütün bunları nəzərə alsaq, avrokuboklara vəsiqəni təmin etməyimiz haqda danışmaq hələ tezdir. Kubokun yarımfinalında isə "Bakı" ilə düşmüşük. Başa düşürük ki, bu komanda əsas gücünü kuboka verəcək.

- İstənilən halda, "Qarabağ"ın bu il yüksəlişdə olması azarkeşlərinizə böyük ümidlər verir. Yəni, çempionluq və kubok titulu uğrunda mübarizədə ən azı birini qazanacağınız realdır. Ən pis halda, çempionatın gümüş medalçısı ola bilərsiniz ki, bu da komandanızın son illərdə ən yaxşı nəticəsi olacaq...

- Biz hələ titul - çempionatda, kubokda nəticənin necə olacağı haqda fikirləşmirik. İndi bu haqda düşünməyimizin yalnız ziyanı ola bilər. Ona görə şəxsən mən indidən hər hansı titul haqda danışmaq istəmirəm. Hal-hazırda "Neftçi" ilə matçı fikirləşirik. Bütün planlarımızı bu oyuna qurmuşuq.

- Komandanız bu il uduzmayan yeganə komandadır, yüksəlişdə olmağın, nəticəni yaxşılaşdırmaqda davam etməyiniz danılmazdır. Bu, qış fasiləsində yaxşı hazırlıq keçməyinizin, yoxsa rəqiblərinizin qeyri-sabit çıxışının xeyrinizə dəyməyi ilə bağlıdır?

- Bu, Allahın işidir. Tanrı kömək olur, biz də yaxşı çıxış edirik.

- Hər növbəti oyununuzu fikirləşirsinizsə, onda "Neftçi" ilə qarşıdakı matç haqda nə düşünürsünüz?

- Böyük ehtimalla, "Neftçi" ilə oyunu buraxacağam. Çünki kiçik zədə almışam. Buna görə də komandamızın hazırlıq keçdiyi Ağdamdan Bakıya müayinə olunmağa getmişdim. Maqnit-rezonans müayinəsindən keçdim. Həkimlər 10-15 gün müalicə olunmağımı deyiblər. Ola bilər ki, növbəti turda "İnter"lə matçı da buraxdım. Ancaq belə götürəndə, komandamız "Neftçi" ilə oyuna yaxşı hazırlaşır. Hər bir çempionat matçı olduğu kimi, bu oyuna da ciddi hazırlaşırıq.

- Zədəniz necə yarandı?

- Heç nədən. "Qəbələ" ilə kubok oyununda künc zərbəsindən topu qaldırdığım zamanı əzələmi dartdım. Bu, birinci dərəcəli dartmadır. Həmin vaxt oyunun bitməyinə 15-20 dəqiqə qalmışdı və belə şəkildə davam elədim. İndi də ağrıkəsici iynə vurub, bəlkə oynaya bilərəm. Sadəcə, həkimlər deyir ki, risk çoxdur. Buna görə də meydana çıxıb, risk etməyə dəyməz. Həkimlər özümü qorumağı məsləhət bilir. Özüm oynamaq istəyirəm, ancaq həkimlər icazə vermirlər.

- "Neftçi" keçmiş komandanız olduğu üçün oynamaq istəyirsiniz?

- "Neftçi" çempionatın ən güclü klubudur. Həmişə prinsipial oyunlar olur. Bilirəm ki, meydanda gözəl mübarizə, maraqlı oyun olacaq. Bu nöqteyi-nəzərdən "Neftçi" ilə matçı buraxmaq istəməzdim. Həkimlər nə məsləhət görsə, elə də edəcəyik.

- Qalib gəlsəniz, "Neftçi" ilə xal fərqini 2-yə endirməklə, çempionluq mübarizəsini daha da gərginləşdirəcəksiniz. Ancaq "Neftçi" sizə qalib gəlsə, onda xal fərqini 8-ə yüksəldərək, çempionluq şansını xeyli artırmış olacaq. Keçən mövsüm də belə mənzərə olmuşdu...

- Qeyd etdiyiniz kimi, keçən ilki ssenari yaranıb. Başa düşürük ki, bu oyunun mahiyyəti nədir. Komanda qarşısında məqsəd qoymuşuq ki, "Neftçi"yə uduzmayaq. Rəqibin hücum xəttinin güclü olduğunu, heyətində Rəşad Abdullayev, Flavinyo, Bahodir Nasimov olduğunu, standart vəziyyətlərdən necə istifadə etdiklərini, rəqibi necə cəzalandırdıqlarını başa düşürük. Bunları nəzərə almasaq, aramızdakı 5 xallıq fərqi qoruya bilsək, bizim üçün yaxşı nəticə sayıla biləcəyini fikirləşirəm.

- Yəni bərabərliyi o mənada münasib sayırsınız ki, lider sizdən uzaqlaşmayacaq...

- Bəli. Hələ mövsümün sonu haqda danışmayaq. Qarşıda hələ 7 oyun var. Fikrimcə, indiki vaxtda heç-heçə pis nəticə deyil. Bütün qüvvə ilə irəli atılsaq, "Neftçi" ilə keçən mövsümkü oyunun acısını çəkərik. Onda belə oynadıq, 0:2 hesabı ilə məğlub olduq və çempionluq şanslarımız çox azaldı. Həm də bütün rəqiblər bizə yaxınlaşdı, sonda 3-cü olduq. İndi "İnter"lə eyni xaldayıq, "Xəzər-Lənkəran" bizdən 3 xal geridədir. Ona görə tək çempionluğu yox, avrokuboklara düşməyi də fikirləşirik. Bu üzdən "Neftçi" ilə oyunda 1 xal da bizim üçün yaxşı nəticə ola bilər.

- Sizi Zaur Həşimovun əvəzləyəcəyi gözlənilir. Həmkarının oyunu haqda nə düşünürsünüz? Ümumiyyətlə, "Qarabağ"a güclü hücum xəttinə malik oyunda Rəşad Sadıqovsuz çətin olmayacaq ki?

- Yoxluğumda Zaur Həşimov mövqeyimdə oynayır. Maşallah, o da özünü yaxşı tərəfdən göstərir. Oynamamağına baxmayaraq, özünü hazırlıqlı vəziyyətdə saxlayır. Yenə fikirləşirəm ki, mən iştirak etməsəm, Zaur mövqeyimdə yaxşı oyun nümayiş etdirər.

- Ancaq hər halda, sizin yeriniz ayrıdır...

- Hər futbolçunun öz yeri var. Mənim də özəlliklərim var, Zaurun da. Ancaq fikirləşirəm ki, Həşimov yaxşı oyunlarından birini oynayar.