Təhsil müəssisələrinin yaxınlığından evakuasiya olunan avtomobillərin sayı 40-ı keçdi

16 Sentyabr 2013 14:18 (UTC+04:00)

Bu saata qədər paytaxtın mərkəzi küşələrində yerləşən təhsil müəssisələrinə bitişik küçə və yollarda quraşdırılmış yol nişanlarının təsir zonasında dayanan 40-dan çox avtomobil evakuasiya olunub. Bu məlumatı Movqe.az-a Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov verib. V. Əsədov bildirib ki, edilən xəbərdarlıqlara baxmayaraq, sürücülər təhsil müəssisələri ətrafında dayanma, durma, parklanma qaydalarını pozmaqda davam edirlər: "Avtomobillər əsasən paytaxtın İnşaatçılar prospekti, İstiqlaliyyət, Rəşid Behbutov, Zərifə Əliyeva küçələri və Üzeyir Hacıbəyov, Rəsul  Rza küçələrində eləcədə digər küçələrdə yerləşən təhsil müəssisələri qarşısından təxliyyə olunub. Sürücülərə edilən xəbərdarlıqlara baxmayaraq, yolun hərəkət hissəsinin ikinci cərgəsində avtomobillərini saxlayan sürücülər var. Mən sürücülərə sual edirəm-Nə vaxtadək siz yol polisinin köməyi ilə hərəkət edəcəksiniz? Bu günki mənzərə göstərdi ki, paytaxtda yol polislərinin sayını 3 dəfə artırmaq lazım gələcək ki,  Bakıda hərəkəti tənzimləmək mümkün olsun".

Bölmə rəisinin sözlərinə görə, təhsil müəssisələri ətrafında dayanma, durma, parklanma qaydalarının pozulması ilə bağlı çoxlu faktlar aşkar edilib. Bununla bağlı avtomobillər müvəqqəti mühafizə olunan dayanacaqlara təxliyyə olunmaqla yanaşı, sürücüləri yerində olmayan avtomobillər barəsində fotomateriallar hazırlanır, bəzi sürücülər isə yerindəcə cərimələnir: "

Bir daha bəyan edirik ki, təhsil müəssisələri ətarfında dayanma, durma, parklanma qaydalarını pozan bütün sürücülərə qarşı istisnasız olaraq tərəfimizdən ciddi cəza tədbirləri görüləcək."