Küçə ticarətinin lisenziyalaşdırılması zərurətə çevrilir

20 Sentyabr 2013 16:26 (UTC+04:00)

Sevgim Rəhmanov: "Ticarətin harada, neçə ay olması, rüsumlarının nə qədər olması və sair haqda ümumi qaydalar müəyyənləşdirilməlidir"


Azərbaycanda, xüsusən də paytaxt Bakıda küçə ticarətinin geniş yayılması danılmaz həqiqətdir. Son illər buna qarşı mübarizə intensivləşsə də, problemin tam həllini söyləmək mümkün deyil. Bir sıra küçələrdə, xüsusilə, metro stansiyalarının ətrafında,  insanların gediş-gəlişinin çox olduğu yerlərdə ayrı-ayrı şəxslərin müxtəlif növ  məhsullar satmasına rast gəlinir.  Özü də bu ticarətdən hər hansı vergi tutulmur. Halbuki, müəyyən xarici ölkələrdə küçə ticarətinin lisenziyalaşdırılması həyata keçirildiyindən belə ticarətdən tutulan vergi hesabına büdcə gəlirləri artırır. Ölkəmizdə də analoji təcrübənin tətbiqi mümkün və zəruri sayılır.  


İqtisadçı-ekspert Natiq Cəfərli məsələ ilə bağlı Mövqe.az-a verdiyi açıqlamada bildirib: "Bu prossesin realaşması üçün  küçə ticarətinə lisenziya verən konkret dövlət qurumu müəyyən olunmalıdır.  Yəni, hansı qurumlar bu lisenziyanı vermək səlahiyyətlərinə malik olacaq və bu prosesi necə həyaat keçirəcək, o müəyyənləşdirilməlidir.  Bu, həlli çox vacib məsələdir. Lisenziyalaşmanın hansı orqan tərəfindən həyata keçirilməsi, sonradan hansı orqanların ona nəzarət etməsi arasında sıx bağlantı var. Əgər lisenziyalaşma həyata keçirən qurum, həm də nəzarəti həyata keçirəcəksə, bu ayrı bir şəkil yaradacaq. Əgər bir yox, bir neçə quruma nəzarətlə bağlı icazə  verəcəklərsə, bu artıq başqa formanın yaranmasına səbəb olacaq. Əgər bu məsələ öz həllini taparsa və nəzarət mexanizmləri öncədən razılaşdırılarsa, düşünürəm ki, yaxın zamanda bu problem öz həllini tapa bilər. Çünki, küçə ticarəti ilə bağlı dəfələrlə müxtəlif uyğulamalar həyata keçirilib. Və bir orqan tərəfindən verilən icazələrə digər orqanlar tərəfindən nəzarət funksiyası həyata keçirildiyinə görə ya proses davam edib, ya o ticarətin həyata keçirilməsinə müxtəlif əngəllər yaradılıb. Çünki, küçə ticarəti ilə bağlı dövlət orqanlarının maraqları müxtəlifdir. Bəzi  hökümət orqanlarını marağı küçələrin təmizliyinə riayət edilməsidirsə, digərinin marağı ticarətin inkişafı və ondan daha çox verginin büdcəyə daxil olmasıdır. Bu, normal bir prossesdir. Bu prosesin sonunda əgər normal razılaşma olarsa, küçə ticarəti ilə bağlı hamıya şamil edilə biləcək mütləq qaydalar qəbul olunmalıdır. Bununla bərabər sərbəst ticarətlə məşğul olması üçün insanlara şərait yaradılmalıdır. Amma bu, həm sanitar  normaların qorunması ilə və digər məsələlərlə bağlı problemlərə yol açmamalıdır. Çünki, küçə ticarəti insanların sağlamlığına ziyan vurmamalıdır. Orada satılan malların keyfiyyəti və sanitar normalara uyğun olması insanların sağlamlığına təsir etməməlidir. Küçə ticarətinin lisenziyalaşmasının gecikməsinin səbəbi bütün bunların çətin prosses olması və hələ həllini tapmamasıdır ".


Azərbaycan Tacirlər və Ticarətçilər Birliyinin sədri Sevgim Rəhmanov da məsələ ilə bağlı Mövqe.az-a verdiyi açıqlamada problemin həlli üçün ticarət haqda qanunun qəbulunun zəruri olduğunu bildirib:


" Küçə ticarəti dünyada olduğu kimi, Azərbaycanda da mövcuddur. Amma əfsuslar olsun ki, onun fəaliyyəti qanuna söykənmir. Küçə ticarəti təşkil etmək üçün birincisi, Azərbaycanda ticarət qanunu olmalıdır. Bu yoxdur. İkincisi, ticarət qaydalarına riayət etmək və onun  bütün regionlara aid olması üçün Nazirlər kabineti ümumi qaydalar hazırlamalıdır. Bakıda bir cür, Sumqayıtda, ya Gəncədə ayrı cür qaydalar tətbiq olunması düzgün deyil. Ticarətin harada, neçə ay olması, rüsumlarının nə qədər olması və sair haqda ümumi qaydalar müəyyənləşdirilməlidir. Bunlar hamısı qaydalara söykənərək həyata keçirilməlidir. Əfsuslar olsun ki, bizdə belə deyil. Bakı şəhərində departament qərar verir ki, ticarət üçün harada, necə, kimə icazə verilsin. Qərarı əslində, icra hakimiyyətlərinin müavinləri verməlidir.


Hazırda küçədə kim nə istəyir satır, ticarət qaydalarına riayət olunmur. İstehlakçılar aldadadılır, sanitar qaydalar pozulur və s. Hansısa qanun olmalıdır ki, icra hakimiyyəti, ya departament ona uyğun icazələr versin. Və küçə ticarəti ilə məşğul olan şəxslər bilməlidirlər ki, onlar bu işlə məşğul olmaq üçün hansı qaydalara riayət etməlidir. Bu gün Azərbaycanın bütün rayonlarında küçə ticarəti ilə məşğul olmaq olur. Küçə ticarəti üçün konkret yerlər müəyyən olmalıdır. Bundan başqa satılan malların konkret çeşidləri məlum olmalıdır. Bu kimi problemlər öz həllini tapmalıdır ki, lisenziyalaşma prosesi də tam olaraq həyata keçirilsin ".