Prezident xalqı təbrik etdi
3 Aprel 2012 20:12 (UTC+04:00)
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan
xalqını təbrik edib.
Təbrikdə deyilir:
"Hörmətli həmvətənlər!
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə
can sağlığı, səadət və uğurlar arzulayıram.
Novruz bayramı xalqımızın ən sevimli bayramlarındandır. Azərbaycan
torpağında həmişə əziz tutulan bu bayramın verdiyi tükənməz mənəvi
güc sayəsində biz yüzillərdən bəri keçmişimizin çətin və mürəkkəb
dövrlərində nikbinliyimizi qoruyub saxlamış, gələcəyə daim ümidlə
baxmışıq. Novruz ənənələrinin layiqincə yaşadılması Azərbaycan
xalqının çoxəsrlik tariximiz qarşısında müstəsna xidmətidir. Ən ali
bəşəri keyfiyyətləri özündə toplayan böyük mənəviyyat və hikmət
xəzinəsi olaraq Yaz bayramı tarixi-mədəni irsə bağlılığımızı parlaq
nümayiş etdirir.
Dövlət müstəqilliyimizin bərpasından ötən illər ərzində azad
ölkəmizin öz taleyini arzularına uyğun qurmağa müvəffəq olması belə
əziz günlərdə insanlarımıza əsl bayram əhval-ruhiyyəsi bəxş edir.
Hal-hazırda həyatımızın bütün sahələrində baş verən müsbət
dəyişikliklər hər birimizdə dövlətimizin gələcək illərdə də yüksək
zirvələr fəth edərək dünyanın qabaqcıl ölkələri səviyyəsinə
çatacağına böyük inam, dərin qürur hissi və ruh yüksəkliyi yaradır.
Novruz bayramının qəlblərdə quruculuq əzmini artıran yeniləşdirici
ab-havası bizi müasir güclü dövlət və sosial rifah cəmiyyətini tam
bərqərar etmək məqsədlərimizə sürətlə yaxınlaşdırır.
Bu günlər bütün əzizlərimizin, həmçinin Vətənimizin müstəqilliyi və
ərazi bütövlüyü yolunda canlarından keçmiş Azərbaycan övladlarının
xatirəsi bir daha ehtiramla yad olunur. İnanıram ki, yurdumuzun
hərtərəfli inkişafı yolunda əldə etdiyimiz hər yeni zəfər
şəhidlərimizin ruhunu şad edəcəkdir.
Ölkəmizin hüdudlarından kənarda, qürbətdə olub ürəyi hər an Vətən
məhəbbəti ilə döyünən, milli həmrəylik duyğusu ilə azərbaycançılıq
məfkurəsi ətrafında sıx birləşən soydaşlarımıza bayram salamlarımı
yetirirəm.
Xalqımızın bu baharı da öz gəlişiylə qoy hər evə, hər ocağa bol
ruzi-bərəkət və firavanlıq gətirsin!
Novruz bayramınız mübarək olsun!"