Prezident Novruz şənliyində iştirak edib
3 Aprel 2012 20:12 (UTC+04:00)
Dünən Bakıda Azərbaycan xalqının milli bayramı Novruz münasibətilə
ümumxalq şənliyi keçirilib. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və xanımı Mehriban Əliyeva Novruz şənliklərində
iştirak ediblər.
Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana
gəliblər. Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb,
bayram şənliyində nitq söyləyib. Sonra Azərbaycan Prezidenti və
xanımı Dənizkənarı Milli Parkı gəziblər. Burda onları Novruz
qəhrəmanları Kosa və Keçəl qarşılayaraq, bayram münasibətilə təbrik
ediblər, dövlət başçısı ilə yumurta döyüşdürüblər.
Sonra Azərbaycanın müxtəlif bölgələrini təmsil edən özfəaliyyət
kollektivlərinin çıxışları olub. Prezident İlham Əliyev və Mehriban
Əliyeva aşıqların, muğam ifaçılarının çıxışlarını dinləyiblər.
Dövlət başçısına və xanımına hədiyyələr təqdim edilib.
Dövlət başçısı və xanımı Azərbaycanda yetişdirilmiş məhsulların
bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgisi ilə də tanış
olublar.
İncəsənət ustaları, meyxanaçılar, aşıqlar, kəndirbazlar,
nağaraçılar xalqımızın adət-ənənələrini, qədim el sənətlərini
nümayiş etdiriblər.
Milli parkda təşkil edilmiş "Şərq bazarı"nda, həmçinin Azərbaycanın
müxtəlif bölgələrində yetişdirilən və istehsal olunan ərzaq
məhsulları sərgilənib.
Dənizkənarı Milli Parkda təşkil olunan bayram tədbiri zamanı
prezident İlham Əliyevə Azərbaycanda keçiriləcək 17 yaşadək qadın
futbolçular arasında dünya çempionatına oyunların ilk bileti təqdim
edilib. Dövlət başçısına çempionatın oyunlarına bilet satışı barədə
də məlumat verilib. Bildirilib ki, bu il sentyabrın 22-də Tofiq
Bəhramov adına Respublika Stadionunda start götürəcək bu mötəbər
yarışa biletlər aprelin 16-dan onlayn satışa çıxarılacaq.
Azərbaycan Prezidenti və xanımı 2020-ci il Yay Olimpiya Oyunlarının
Bakıda keçirilməsi ilə bağlı aparılan dəstək kampaniyası
çərçivəsində Beynəlxalq Olimpiya Komitəsinə müraciət formasını
imzalayıblar.