İdmançılarımız İslam Həmrəyliyi oyunlarında medalların sayını 13-ə çatdırıb

27 Sentyabr 2013 13:47 (UTC+04:00)

İndoneziyanın Palembanq şəhərində keçirilən 3-cü İslam Həmrəyliyi oyunlarında iştirak edən Azərbaycan idmançıları sentyabrın 26-da 4 medal qazanıblar.


Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Mövqe.az-a verilən xəbərə görə, gün ərzində yarışan hər üç ağırlıqqaldıranımız medal qazanıb. 77 kq çəkidə yarışan Əfqan Bayramov 320 kq (138 kq + 182 kq) nəticə ilə gümüş medal qazanıb. Ardınca isə digər ağırlıqqaldıranımız, 85 kq çəkidə Namiq Cəmilov 328 kq (151 kq + 177 kq) ağırlığın öhdəsindən gələrək Oyunların bürünc medalını qazanıb. 94 kq çəkidə yarışan İntiqam Zairov da gümüş medal qazanıb. İntiqam birdən qaldırmada 165 kq, təkanla isə 200 kq qaldıraraq ümumi 365 kq nəticə göstərib.

 

Günün sonunda isə Azərbaycan komandasının 4-cü qızıl medalı qazanılıb. Üzgüçü Boris Kirilov 200 metr məsafəyə arxası üstə uzmədə birinci olub.

 

Bununla da, Azərbaycan idmançılarının qazandıqları medalların sayı 13-ə yüksəlib. 4 qızıl, 6 gümüş və 3 bürünc medalla komandamız ümumi hesabda 7-ci yerdədir.