Ermənistandakı AES təhlükə mənbəyinə çevrilib
3 Aprel 2012 20:13 (UTC+04:00)
Prezident İlham Əliyev: "1976-cı ildə Ermənistanda tikilən Atom
Elektrik Stansiyası köhnəlib, müasir standartlara cavab vermir və
seysmik zonada yerləşir"
Prezident İlham Əliyev Seulda keçirilən Nüvə Təhlükəsizliyi
Sammitində çıxış edib. Sammitin ikinci günü nüvə təhlükəsizliyi
sahəsində milli tədbirlərin təhlili və fiziki nüvə
təhlükəsizliyinin möhkəmləndirilməsində beynəlxalq əməkdaşlığa həsr
olunub. Zirvə görüşündə dünya liderləri nüvə terrorizminin
qarşısının alınması üzrə uzunmüddətli və səmərəli beynəlxalq
əməkdaşlıq məsələsində yeni səylər haqqında fikir mübadiləsi
aparıblar.
Çıxışlarda bildirilib ki, ölkələrin rəhbərlərinə elə bir qurumun
təşkili vacibdir ki, burada ən yaxşı təcrübəni bölüşmək və
götürülən öhdəliklərin reallaşmasına kömək göstərmək mümkün olsun.
Sammit iştirakçıları məsələ ilə bağlı son iki ildə əldə edilən
irəliləyişə baxmayaraq, nüvə terrorizmi təhlükəsinin hələ də mövcud
olduğunu və bu təhlükənin qarşısının alınması üçün dünyanın düzgün
istiqamətdə irəlilədiyini bildiriblər.
Sammitin birinci plenar iclasında çıxış edən Azərbaycan prezidenti
İlham Əliyev nüvə təhlükəsizliyinin bu gün dünya üçün, o cümlədən
Azərbaycan üçün mühüm məsələ olduğunu deyib. Dövlət başçısı
ölkəmizin nüvə təhlükəsizliyi ilə bağlı dünyada qəbul edilən
qərarlara hörmətlə yanaşdığını diqqətə çatdırıb. Prezident İlham
Əliyev bildirib ki, Azərbaycan bu qərarları yerinə yetirir,
beynəlxalq birliyin bu istiqamətdə səylərini dəstəkləyir və bundan
sonra da dəstəkləyəcək.
Dövlət başçısı regionda nüvə təhlükəsizliyi məsələsinə toxunaraq
bildirib ki, 1976-cı ildə Ermənistanda tikilən Atom Elektrik
Stansiyası köhnəlib, müasir standartlara cavab vermir və seysmik
zonada yerləşir. Bütün bunlar Ermənistandakı Atom Elektrik
Stansiyasını təhlükə mənbəyinə çevirib.
Prezident İlham Əliyev Sammitin müasir dünyada nüvə
təhlükəsizliyinə dair çağırışlarla bağlı müzakirələrin aparılması
baxımından səmərəli nəticələr verəcəyinə əminliyini vurğulayıb.
Zirvə görüşündə nüvə terrorizmi təhlükəsinin qarşısının alınması
üçün daha ciddi tədbirlərin görülməsi və yeni öhdəliklərin
götürülməsi niyyəti ilə 50-dən çox ölkənin dövlət və hökumət
rəhbərinin Seulda danışıqlar masası arxasında bir araya gəlməsinin
bu sahədə yeni, daha real addımların atılacağına ümidlər yaratdığı
və bunun nəticəsi kimi dünya əhalisinin özünü nüvə terrorizmindən
təhlükəsiz hiss edəcəyi vurğulanıb. Müzakirələrdə atom energetikası
obyektlərində terror təhlükəsinin qarşısının alınması, yüksək
zənginləşdirilmiş uran və plutonium kimi xammalın istifadəsini
minimuma endirməklə bağlı məsələlər də müzakirə olunub. Diqqət
yetirilən əsas məsələlərdən biri də nüvə enerjisindən və radioaktiv
materiallardan məkrli məqsədlərlə istifadənin qarşısının əvvəlcədən
alınması olub.
İclasın yekununda liderlər birgə foto çəkdiriblər. Sonra dövlət və
hökumət başçılarının şərəfinə işçi nahar verilib. Azərbaycan
Prezidenti İlham Əliyev naharda iştirak edib.
Günün ikinci yarısında Sammitin ikinci qapalı plenar iclası
keçirilib. Sammitdə yekun kommunike qəbul olunub və növbəti nüvə
təhlükəsizliyi sammitinin 2014-cü ildə Niderlandda keçirilməsi
qərara alınıb.