Bahalı kreditlərin çoxsaylı müştəriləri

1 Oktyabr 2013 16:24 (UTC+04:00)

Fərhad Bayramov: "Rahat şərtlərlə kreditlərin verilməsi gələcəkdə qarşısının alınması çox çətin ola biləcək problemli kreditlər yaradır"


Yerli kommersiya bankları tərəfindən əhaliyə verilən kreditlərin faiz dərəcələrinin kifayət qədər yüksək olmasına baxmayaraq, vətəndaşlar bu maliyyə qurumlarından getdikcə daha çox kredit götürməyə başlayırlar. Əsasən də, istehlak kerditləri. Özü də maraqlıdır ki, yüksək faizlə götürlən kreditlər daha çox məişət əşyalarını alınmasına və ya yenilənməsinə sərf olunur.  Halbuki, əksər hallarda buna çox da böyük ehtiyac olmur. Lakin vətəndaşlar yenə də yüksək faizlərlə kredit götürməyə razılıq verirlər. Bu isə kreditlərin faiz dərəcələrinin ucuzlaşmasını əngəlləyən əsas faktorlardan sayılır. 

İqtisadçı-ekspert Rəşad Həsənov bununla bağlı Mövqe.az-a açıqlamasında qeyd edir: "Sual cox maraqlı və narahatedicidir. Həqiqətən də bu gün Azərbaycan vətəndaşları dünyada ən bahalı pul istifadəçiləridir. Hər kəs faizlərin yüksək olmasından danışır, lakin kredit üçün müraciət edənlərin də sayı sürətlə artır. Belə ki, 2013-cü ilin ilk altı ayı ərzində kredit alalnların sayı 200 min nəfər və yaxud da 13% artaraq 1,7 milyon nəfəri keçib. Digər tərəfdən banklar tərəfindən verilən kreditlərin həcmi də ötən illə müqayisədə 3.1 milyard manat artaraq 13.8 milyard manata çatıb. Maraqlı isə odur ki, bu artımların müqabilində biznesə yönəlik kreditlərin həcmi azalıb. Yəni, biznes öz münasibətini artıq ortaya qoyub. Kreditdən istifadəni maksimum məhdudlaşdırır. Çünki, kredit vasitəsi ilə dövriyəyə cəlb edilən vəsaitlər praktikada gəlirli sayılmır. Bunun əksinə olaraq, istehlak kreditlərinin həcmi sürətlə artır. Bu o deməkdir ki, insanlar ya cari tələbatlarını ödəyə biləcək qədər qazanmır, yaxud, onun gəlirləri müasir yaşam standartlarına uyğun həyat tərzi keçirməyə imkan vermir. Hazırda, əhali ev, avtomobil kimi bahalı tələbatları ilə paralel olaraq gündəlik qida məhsullarının əldə edilməsinədək çox geniş əhatəli kredit dairəsi formalaşdırıb. Digər tərəfdən bəzən insanlar bir dəfə kredit almaqla və yüksək faizləri ödəməklə daimi börcluya çevrilir. Yəni o bir borçu ödədiyi halda daha bahalı borcalana çevrilir. Hazırkı artım tendensiyasını şərtləndirən amillərdən biri də bankların daha asan kredit vermək təklifləridir".

İqtisadçı ekspert Fərhad Bayramov isə bildirir: "Məlum məsələdir ki, Azərbaycanda kredit faizləri dünya təcrübəsilə müqayisə olunmayacaq dərəcədə yüksəkdir. Amma kreditləşməyə olan tələb artımla müşahidə olunmaqdadır. Birincisi diqqət etmək lazımdır ki, ölkəmiz bazar iqtisadiyyatı yolunu seçmişdir ki, bu da günümüzdə ən doğru seçim olaraq birmənalı qəbul edilməkdədir. "Bəs bu iqtisadiyyatın təzahürü nədədir?"  sualına cavab axtarsaq, göstərə bilərik ki, şəxslərin (yəni hüquqi və ya fiziki) maraqları müdafiə olunmaqdadır. Belə olan halda isə bazarda formalaşan qiymətlər, (burada biz qiymət olaraq bankların tətbiq etdiyi kredit faizləri nəzərdə tuturuq) tələb və təklif əsasında formalaşır. Bu, bazar iqtisadiyyatında rəqabətli mühitin ən əsas göstəricisidir. Lakin mən diqqəti öncə bankların niyə faizleri yüksək olaraq tətbiq etdiklərinə, bunun nə dərəcədə ədalətli olduğuna yönləndirmək istəyirəm. Məlum məsələdir ki, banklar hüquqi şəxs olaraq mövcud olduqları bazarda fəaliyyət göstərərək  mənfəət əldə edirlər. Bu mənfəət  də sadə dillə desək, onların gəlirlərilə xərcləri arasındakı fərq hesab olunur. Buna əsaslanaraq deyə bilərik ki, bankların kreditlərdən əldə etdiyi mənfəət onların tətbiq etdikləri faizlərin qazandırdığı gəlir ilə , həmin kreditlərin verilməsi üçün istifadə olunan fonlara çəkdiyi xərclər və ümumi idarəetmə xərclərinin arasındakı fərqə bərabərdir. Banklar kredit həcmini artırmaqla gəlirlərini artıra biləcəyi məlumdur. Digər gəlirləri artıma mənbəyi isə kredit həcmini sabit tutmaqla faizlərin yüksək nisbətdə tətbiq edilməsidir. Bizim iqtisadiyyatımız müasir dünyada olan bazar iqtisadi münasibətlərinə yeni daxil olduğu üçün hələ də banklar və əhali arasındakı əlaqələr tam sıxlaşmamışdır. Belə olan hallarda da banklar sahib olduqları öz kredit portfellərinin həcmini sürətlə artıra bilmir, bu da təklif olunan kreditlərin həcminə təsir göstərir. O zaman onların gəlirlərini artırmaq üçün baş vurduqları yeganə cəlbedici üsul faiz dərəcələrini  yüksək tutmaqdır. Buna görə də hesab edirəm ki, bankların təklif etdikləri kredit həcmlərinin sahib olduqları kredit portfellərinə mütənasib olaraq dəyişir, o zaman kredit faizlərinin yüksək olması da təbii hala çevrilir. Məsələnin ən vacib məqamlarından  biri də bazarda tələblə təklif arasında olan münasibət olduğundan, bankların saylarının çox olması rəqabətli mühitin inkişafına pozitiv təsir etsə də, hazırda əhalinin kreditlərə olan ehtiyaclarının qarşılanmasında alternativ vasitə kimi çıxış etmirlər. Yəni, bütün bankların tətbiq etdikləri faizlər təxminən biri-birinə yaxındır. Bu da əhalinin yüksək faizli kreditlərə olan tələbi olduğu kimi qalmaqla yanaşı, artımla da müşahidə olunur. Digər məsələ də, Azərbaycan iqtisadiyyatında gəlirlilik səviyyesi yüksəkdir, yəni, hər hansı kapitalla fəaliyyətə başlayan sahibkar təxminən 40 % ilə 70% arası gəlir əldə edir ki, onların yenə texminən 18-25 faizli kreditləri götürməkdə  hər hansı çətinlik hiss etmirlər. Öz növbəsində banklar da iqtisadiyyatdakı bu yüksək gəlirlik səviyyəsinə uyğun olaraq öz fəaliyyətini qurur və fazilərini tətbiq edir. Belə olan halda banklar aşağı faizlə çıxış etsələr, effektiv olaraq fəaliyyət göstərə bilməyib rentabelliklərinin azalmasına səbəb ola bilərlər. 

İstehlak kreditləri bağlı olaraq da onu qeyd edim ki, bankarın əhaliyə  təklif etdiyi istehlak kreditlerinin şərtləri biznes kreditlərə nisbətdə rahat olduğundan daha çox müştəri cəlb etməkdədir. Mütləq qeyd etmək lazımdır ki, rahat şərtlərlə kreditlərin verilməsi gələcəkdə qarşısının alınması çox çətin ola biləcək problemli kreditlər yaradır. Amma bu da bankların tətbiq etdikləri kredit izləmə siyasətindən və təklif olunan kredit həcmindən asılıdır".