"Türk xalqlarının birliyinin möhkəmlənməsi təşəbbüslərini dəstəkləyirik"
3 Aprel 2012 20:14 (UTC+04:00)
"İndi müstəqil dövlətlər kimi əcdadlarımızın ənənəsinə sadiqik".
Bunu prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Qırğızıstan
prezidenti Almazbek Atambayevlə birgə mətbuat konfransı zamanı
deyib. Almazbek Atambayevin ilk rəsmi səfərlərindən birini məhz
Azərbaycana etməsini dostluq və qardaşlıq göstəricisi kimi
dəyərləndirən dövlət başçısı bu səfərin ölkələrimiz arasında
əlaqələrdə yeni səhifə açacağını vurğulayıb.
İlham Əliyev hazırda ikitərəfli münasibətlərin inkişafında
dinamikanın müşahidə olunduğunu da qeyd edib.
Azərbaycanla Qırğız Respublikası arasında humanitar sahədə
əməkdaşlığın vacibliyindən danışan dövlət başçısı ölkələrimiz
arasındakı əlaqələrin tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə geniş
imkanların olduğunu deyib.
"Ümid edirəm ki, bizim əlaqələrin gələcəyi böyükdür. Ölkələrimiz
arasında regional və ikitərəfli məsələlərdə fəal əməkdaşlıq
qurulub. Biz Türk xalqlarının birliyinin gələcəkdə daha da
möhkəmlənməsi təşəbbüslərini dəstəkləyirik", - deyə İlham Əliyev
bildirib.