Tar ifaçısı müğənni oldu - FOTOSESSİYA

19 May 2012 15:10 (UTC+04:00)

Tar ifaçısı Humay Qədimova yaradıcılığında dönüş edib. Movqe.Az xəbər portalının məlumatına görə, H.Qədimova ifaçılıq sənətini başlayıb. O, bundan sonra həm oxuyacaq, həm də müşayiət edəcək.

Bu barədə Movqe.Az-a musiqiçinin mətbuat katibi Zəminə Rüstəmova məlumat verib. Z.Rüstəmova bildirib ki, Humay müğənni kimi oxuyub, tarı yerə qoymaq niyyətində deyil: "Sözünü, tarı, udu ilə deyən Humay, oxumağı sənətinin bir qolu adlandırır. Qeyd edək ki, onun ilk ifası Şəmsi Kərimovanın bəstəsi olan "Gecələr" mahnısıdır. Bunun davamı olaraq, yeni bəstəkar mahnısı lentə yazdırıb. Humay deyir ki, "Ölərəm sənin üçün" adlı mahnını ona bəstəkar Tunar Rəhmanoğlu təqdim edib. Hər iki mahnıda tarzən özü-özünü müşayiət edib. İndi növbəti, üçüncü mahnı hazırlayır".

Z.Rüstəmova onu da qeyd etdi ki, musiqiçi ifa etdikləri mahnıları toplu şəkilində çıxaracaq: "Dinləyicisini tarının sarı simi ilə ilhama gətirən Humay Qədimova müğənni kimi oxumağa başlayıb. Dostları onun yeni ifasını müğənni karyerasında mükəmməl başlanğıc hesab edirlər. Elə tarzən onların təkidi ilə oxumağa başlayıb. Artıq mahnılarının sayını artırır, yaxın vaxtlarda onları toplu edib satışa çıxaracaq".

H.Qədimova özü isə, "Hələki oxumaqda özümü şanslı hesab etmirəm. Oxuyan çoxdu, amma mənim kimi tar çalan qız yoxdu", deyib.

Fuad Mədətov

Movqe.Az