“Azərbaycan Tələbə Kartı” istifadəçilərinə təqdim olunub
19 May 2012 19:03 (UTC+04:00)
Bu gün Bakıda "Azərbaycan Tələbə Kartı"
istifadəçilərinə təqdim olunub. APA-nın xəbərinə görə, bununla bağlı
keçirilən tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bu
layihəni çox yüksək qiymətləndirib. Nazir bildirib ki, bu kartlar
Azərbaycanda təhsil alan tələbələrin Avropada təhsil alan gənclərlə
əlaqələrin yaradılmasında çox mühüm rol oynayacaq: "Gənclər bu
kartlar vasitəsilə müəyyən şəbəkələrdən müəyyən imtiyazlarla
istifadə edəcəklər. Ən vacibi odur ki, digər ölkələrdə bu kartlar
tələbələrə pulla verildiyi halda, Azərbaycanda pulsuz paylanır.
Azərbaycanda 150 minə yaxın tələbə var. Kartlar 4 illik nəzərdə
tutulur və bütün tələbələrə veriləcək".
Gənclər və idman naziri Azad Rəhimov isə bildirib ki, "Azərbaycan
Tələbə Kartı"nın Avropa Gənclər Kartı ilə birgə buraxılması
tələbələrə Azərbaycan ərazisində, eləcə də, Avropanın 30-dan çox
ölkəsində 80 mindən artıq ictimai-iaşə obyektlərindən, kafe və
restoranlardan, otel və internet klublardan güzəştlə istifadə etmək
imkanı yaradır.
Qeyd olunub ki, bu gün Azərbaycan müxtəlif universitetlərində olan
150 tələbəyə kartlar təqdim edilib, ilin sonunadək isə bütün ali və
orta ixtisas təhsili müəssisələrinin tələbələri Azərbaycan Tələbə
Kartı ilə təmin edİləcək. Kartlar təhsil bitənədək tələbələrin
istifadəsində olacaq.
Tədbirdə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya
təminatı şöbəsinin rəhbəri Elnur Aslanov çıxış edərək "Azərbaycan
tələbə kartı"nın təqdim olunmasını yüksək qiymətləndirdiyini deyib.
E. Aslanov bildirib ki, bu kartların Azərbaycan təhsilinin
inkişafında rolu olacaq.
Milli Məclisin Sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli də
tədbirdə çıxış edib.
Sonda kartlar tələbələrə təqdim olunub.