Türkiyəli millət vəkilləri Bakı Ali Neft Məktəbində olublar (FOTO)

8 Oktyabr 2013 17:56 (UTC+04:00)

Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvarın başçılığı ilə Bakıda səfərdə olan Məclisin millət vəkilləri Mustafa Kabakcı, İdris Güllüce, Adnan Yılmaz, Tulay Selamoğlu, Suay Alpay və Alpaslan Kavaklıoğlu Bakı Ali Neft Məktəbində (BANM) olublar.

Ali məktəbdən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən BANM rektoru Elmar Qasımov bildirib ki, Azərbaycan və Türkiyə qardaş və dost dövlətlər olmaqla yanaşı, bütün sahələrdə ən yaxın müttəfiq dövlətlərdir. Ümummilli lider Heydər Əliyevin "Azərbaycan-Türkiyə bir millət iki dövlətdir" ifadəsini xatırladan E.Qasımov qeyd edib ki, hər iki dövlət ölkələrimizlə bağlı məsələlərin həllində bərabər addım atır və yaranmış hər hansı maneənin aradan qaldırılması üçün bir-birinə dəstək olur.

Azərbaycanın və Türkiyənin keçdiyi tarixi və inkişaf yolundan danışan rektor vurğulayıb ki, bu gün dünyada ikili siyasi yanaşma olmasına baxmayaraq, ölkələrimiz bütün sahələrdə sürətlə inkişaf edərək yerləşdikləri coğrafi regionun aparıcı dövlətlərinə və dünya dövlətləri üçün əhəmiyyətli müttəfiqə çevriliblər.

Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən uğurlu layihələrdən və islahatlardan danışan E.Qasımov bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin ən önəm verdiyi sahələrdən biri də məhz təhsil sahəsidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin "Neft kapitalını insan kapitalına çevirməliyik" şüarı da məhz bu sahəyə verilən önəmin göstəricisidir.

Daha sonra Bakı Ali Neft Məktəbi haqqında qonaqlara ətraflı məlumat verən rektor deyib ki, ali məktəbin yaradılmasında əsas məqsəd inkişaf edən ölkəmiz, eyni zamanda, istər Azərbaycanda, istərsə də xaricdə fəaliyyətini genişləndirən və artıq transmilli şirkətə çevrilən ARDNŞ üçün beynəlxalq standartlara cavab verən, ingilisdilli kadrların hazırlanması olub.

Tədbirdə çıxış edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri N.Ünüvar Azərbaycan vəTürkiyə dövlətlərinin birgə həyata keçirdikləri siyasi-iqtisadi strategiyanın önəmi haqqında ətraflı məlumat verərək bildirib ki, bu strategiyadan ən önəmlisi bizi bağlayan qardaşlığımızdır. Bu gün iki qardaş dövlət birləşərək dünya və region dövlətləri üçün bir çox önəmli layihələrə imza atıb.

O, qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu xətti, TANAP və digər layihələr bunun bariz nümunələrindəndir.

Mustafa Kamal Atatürkün "Qafqazların o biri tərəfində bizim qardaşlarımız var və bir gün gələcək biz mütləq onlara qovuşacağıq" qardaşlığı təcəssüm etdirən tarixi nitqi ilə çıxışa başlayan TBMM üzvü, millət vəkili M.Kabakçı vurğulayıb ki, Azərbaycanın gücü Türkiyənin gücü, Türkiyənin gücü isə Azərbaycanın gücüdür. O, tələbələrə xitab edərək bildirib ki, bu şərəfli missiyanı qorumaq və daha da gücləndirmək artıq sizlərin üzərinə düşür.

Tədbirdə çıxış edən digər millət vəkilləri Azərbaycan-Türkiyə arasındakı qardaşlıq əlaqələri, tarix boyu düşmənlərə qarşı birgə mübarizəsi və bugünkü uğurları haqqında ətraflı məlumat veriblər.