NATO Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəflərə müraciət ünvanladı

21 May 2012 13:56 (UTC+04:00)

"Cənubi Qafqazda və Moldovada həlli uzadılmış münaqişələrin qalması Alyans üçün ciddi narahatlıq predmeti olaraq qalır". APA-nın məlumatına görə, bu fikirlər NATO-nun Çikaqo sammitinin yekun bəyannaməsində öz əksini tapıb. 


Bəyannamədə bildirilir ki, region ölkələri bu münaqişələrin həllində konstruktivlik və siyasi iradə nümayiş etdirməli və mövcud danışıqlar formatına hörmətlə yanaşmalıdır. Sammit iştirakçıları həmçinin münaqişə tərəflərini regional təhlükəsizlik və stabilliyi poza biləcək addımlardan çəkinməyə çağırıblar. 


"Biz Ermənistan, Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü, müstəqillik və suverenliyini dəstəkləməkdə davam edir, həmçinin bu regional münaqişələrin beynəlxalq hüquq norma və prinsipləri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında sülh yolu ilə nizamlanması səylərini dəstəkləyirik".