"Pokrov" bazarı açılmasa... MÜHARİBƏ BAŞLAYACAQ

21 Oktyabr 2013 13:25 (UTC+04:00)

Almaniyanın "De Şpigel" jurnalı mətbu Moskvanın Qərbi Biryulevo rayonunda baş verən olaylarla bağlı geniş yazı dərc edib. APA TV-nin xəbərinə görə, yazıda qeyd olunur ki, illik dövriyyəsi 9 milyard dollar olan "Pokrov" bazası Moskva əhalisinin 40-50 faizini meyvə-tərəvəzlə təmin edir. Meyvə-tərəvəz ticarəti gəlirli sahə hesab olunduğundan artıq iyirmi ildir ki, bu sahəni qafqazlılar və Orta Asiya əsilli insanlar idarə edir. Çünki Rusiyada meyvə-tərəvəz qiymət sarıdan cib yandırır. Belə ki, bazaya tərəvəz satışı üçün biznesə girmək istəyən hər bir sahibkar bir ton üçün 100 min rubl, yəni 2700 manat ödəməlidir. Axı, böyük pullar böyük risklər tələb edir. Odur ki, 2007-ci ildən bu bazanı idarə etmək uğrunda qruplaşmalar arasında gedən qarşıdurmalarda 20-yə yaxın mafiya başçısı öldürülüb.

 

Mətbu orqanın verdiyi xəbərə əsasən, hazırda bu bazanın hansı güclərin əlində olması da məlum deyil. Rəsmi olaraq "Pokrov" bazası Dağıstandan olan iki qardaşa - Əliəshəb Hacıyev və İqor İsayeva məxsusdur. Sonuncu öz adını və soyadını Rusiya polisinin məlumat bazasına düşdükdən sonra dəyişib. Camaat arasında yayılan məlumatlara görə isə baza Rusiyanın Milli Qəhrəmanı, Vladimir Putinin 2012-ci ildə keçirilən prezident seçkilərdə rəsmi nümayəndəsi olan Məhəmməd Talboyevə məxsusdur.    

 

"Der Şpigel" bildirir ki, bu bazaya himayədarlıq etmək üçün kriminal aləmdə qanlı mübarizə aparılır. 2007-ci ildə "Pokrov"a himayədarlıq edən Rauf Rüstəmova sui-qəsd olub. Bu sui-qəsdən canını qurtarıb Bakıya qayıdan Rauf burada öldürülüb. 2011-ci ildə eyni aqibəti "Ded Xasan" ləqəbi ilə tanınan Aslan Usoyan və onu mühafizəçisi, azərbaycanlı İlqar Cəbrayılov yaşayıb. Hər iki avtoritet 2012 və 2013-cü illərdə öldürülüb.

 

Sonda Rusiya paytaxtında iğtişaşların baş verdiyi meyvə-tərəvəz bazası bağlanıb, həm də 90 günlük. Deməli, proses başqa istiqamətdə gedir. Çünki, artıq məsələyə dövlət qarışıb. Rusiya mətbuatında Moskvanın "Qara dəliyi" adlandırılan bazanın daha hansı fəsadlar verəcəyi 90 gündən sonra məlum olacaq. Moskvada ən böyük bazasının tamamilə bağlanacağına gəlincə, sıravi işçi qısa bir sözlə fikrini ifadə etib: "Müharibə başlayacaq".