Göyçayda su kanalında boğulan Bakı sakininin meyiti 3 gündən sonra tapılıb

21 Oktyabr 2013 17:40 (UTC+04:00)

Oktyabrın 18-də Göyçay rayonuna qonaq gələn və Yuxarı Şirvan kanalına düşərək boğulan Bakı sakininin meyiti bu gün saat 16:30 radələrində tapılaraq yaxınlarına təhvil verilib.

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında verilən məlumata görə, Bakı şəhər sakini, 1946-cı il təvəllüdlü Kamil Qəhrəmanovun meyiti kanala düşdüyü yerdən 500 metr aralıdan, Ləkçiplaq kəndi ərazisində aşkarlanıb. FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevir şəhərindəki Aran regional dalğıc qrupu tərəfindən həmin şəxsin meyitinin tapılması istiqamətində 3 gün ərzində ardıcıl iş aparılıb və müxtəlif vasitələrdən istifadə olunub.

 

Məlumata görə, 67 yaşlı Kamil Qəhrəmanov oktyabrın 18-də Göyçayın Cəyirli kənd sakini, yenicə qohum olduğu qudası Ağamusa İsmayılovun ailəsinə qonaq gəlib. Gəzinti üçün həmin gün səhər saat 12:00 radələrində Yuxarı Şirvan kanalının kənarına çıxan Kamil Qəhrəmanov suya düşüb. O, rayonun Potu kəndi ərazisində nar yedikdən sonra suda əlini yumaq üçün kanalın kənarına yaxınlaşıb və ehtiyatsızlıqdan ayağı sürüşərək kanala düşüb.

 

Qohumlar və hadisə şahidləri dərhal FHN-in "112" qaynar telefon xəttinə müraciət ediblər.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.