Azərbaycanda prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar sənəd qəbulunun müddəti uzadılıb

25 Oktyabr 2013 16:11 (UTC+04:00)

Baş Prokurorluq prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün müsabiqə ilə bağlı sənəd qəbulunun müddəti dekabrın 31-dək uzadılıb.

 

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sənədlərin qəbulu başa çatdıqdan sonra test imtahanının tarixi, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ hüquqi aktların siyahısı və digər məsələlər barədə kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun internet səhifəsində və Qəbul otağında yerləşdirilmiş lövhədə əlavə məlumat veriləcək.

 

Müsabiqə ilə bağlı prokurorluğun internet səhifəsindən (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və 437-28-56, 492-63-62, 492-74-32 nömrəli telefonlar vasitəsi ilə müvafiq məlumat əldə etmək olar.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 2 sentyabr 2013-cü il tarixdə 100 ştat vahidi üzrə müsabiqə elan edilib.