Mübariz Qurbanlı: Milli Şurada istefalar təbii prosesdir

25 Oktyabr 2013 17:49 (UTC+04:00)

Milli Şura adlanan qurumun süni şəkildə yaradılması prezident seçkilərindən sonra bir daha nümayiş etdirildi və həmin quruma daxil olanlar müxtəlif formada bu qurumu tərk etməyə başladılar.

Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı Milli Şuradakı istefalara münasibət bildirərkən deyib: "Milli Şura adlanan qurum dağılmağa məhkum idi və buna görə orada istefalar təbii, qanunauyğun prosesdir və davam edəcək. Orada qalanlar da əvvəldən bəlli idi. Bu, Xalq Cəbhəsi ilə Müsavat partiyalarının süni surətdə yaratdığı bir qurumdur və iflasa uğradı".

M.Qurbanlı əlavə edib ki, Milli Şura müxalifətin radikal qanadının müxtəlif nümayəndələrini özündə birləşdirirdi: "O da bəlli idi ki, bu qurum seçki üçün yaradılıb və seçkidə də bu qurumun irəli sürdüyü namizədin məğlubiyyəti hamıya bəlli idi, göz önündə idi. Proqnozlar göstərirdi ki, bu qurumun namizədi məğlubiyyətə düçar olacaq, çünki ölkə əhalisi radikal qanada hansısa bir dəstəyi heç vaxt verməzdi".

Deputat vurğulayıb ki, ölkədə xalq inkişaf, tərəqqi, sabitlik istəyirdi və ona görə də bu xəttə səs verdi.

Qeyd edək ki, Milli Şuranın dünən keçirilən sessiyası qalmaqalla yadda qalıb. Azərbaycan Liberal Partiyası (ALP) Milli Şuranın tərkibindən çıxıb və partiya sədri Əvəz Temirxan sessiyanı yarımçıq tərk edib. Bundan əlavə, daha 9 üzvün Milli Şuradan istefası qəbul olunub.