İranın Azərbaycanla sərhəd toqquşmaları başlana bilər

22 May 2012 16:04 (UTC+04:00)

Son aylar İranın ölkəmizə münasibətdə sərgilədiyi qeyri-konstruktiv fəaliyyəti pik nöqtəsinə çatmaqdadır. Molla rejiminin Ərdəbildə, Təbrizdə Azərbaycan konsulluğu qarşısında keçirdiyi aksiyalar, həbs edilən iki nəfər şairin taleyi barədə hər hansı bir xəbərin olmaması, ardınca da Tehranın Bakıdakı səfirinin reallıqdan uzaq cəfəng bəyanatı iki dövlət arasında münasibətlərin xeyli dərəcədə kəskinləşdiyini göstərir.

İranın bu yersiz və düşmən hərəkətlərinə qarşı Azərbaycanda və xaricdə yaşayan azərbaycanlılar tərəfindən də etiraz səsləri ucalır. Belə bir durum isə İranla Azərbaycan arasında münasibətlərin gərginləşməsinin artıq pik nöqtəsinə çatdığından xəbər verir. Görəsən, bu gərginlik perspektivdə nə vəd edir?

Politoloq Elşən Manafov İranla Azərbaycan arasında son zamanlar artan gərginliyin perspektivdə ağır nəticələrə gətirib çıxaracağını düşünmür: "Azərbaycan rəsmilərinin mövqeyindən yanaşsaq, İranla münasibətlərin gərginləşməsi əslində, nə ölkəmizə, nə də Tehrana lazımdır. Azərbaycanın Qarabağ münaqişəsi kimi böyük problemi var, torpaqlarımızın 20 faizi işğal altındadır. Bir milyona yaxın qaçqınımız var və hələ də problemin öhdəsindən gələ bilməmişik. Bu baxımdan azı 1 milyonluq ordusu və 70 milyonluq əhalisi olan İran dövlətilə münasibətləri gərginləşdirmək və Qərbdə bəzi institutların dəyirmanına su tökərək antiiran koalisiyasına qoşulmaq istiqamətində hansısa addımlar atmaq Azərbaycanın milli təhlükəsizlik maraqlarına cavab vermir. Digər tərəfdən İranda xeyli soydaşımız var və rəsmi Bakı düzgün olaraq antiiran koalisiyasına qoşulmur. Azərbaycan regional dövlət olaraq regiondakı geosiyasi reallığı gözəl başa düşür. Ona görə də Azərbaycanın balanslaşdırılmış xarici siyasəti Gürcüstan və Ermənistandan kifayət qədər fərqlidir. Ona görə də fikrimcə, İranla münasibətlərə böyük təmkin və ehtiyatla yanaşmaq lazımdır. Bir məsələni də nəzərə almaq lazımdır ki, hər halda hər iki tərəfdən rəsmi səviyyədə münasibətlərin gərginləşdirilməsi istiqamətində addımlar atılmır. İranda "Eurovision"la bağlı ayətullahların bəzilərinin hər hansı sərt ittihamları var. Hələlik Azərbaycanda parlament müxalifəti İranla bağlı məsələyə daha sərt reaksiya sərgiləyir, nəinki rəsmi iqtidar. Güman edirəm ki, Azərbaycan prezidentinin bu ilin avqustunda İrana olacaq rəsmi səfəri iki dövlət arasında münasibətlərdəki gərginliyin aradan qaldırılmasına heç şübhəsiz öz töhvəsini verəcək. ABŞ-ın Tehrana qarşı sanksiyaların ardıcıl olaraq davamlı olması gözlənilirdi. Amma "Böyük 8-lər"in son görüşündə Obama maraqlı açıqlama ilə çıxış edərək bildirdi ki, Amerika İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququnu tanıyır. Amma təbii ki, İran nüvə məsələsində fərqli maraqlarının olmadığını sübut etməlidir. Bunlar onu göstərir ki, Amerika hələ də İranla müharibə məsələsini götür-qoy etmir. Bu konteksdən çıxış etsək, Azərbaycan da çalışmalıdır ki, antiiran koalisiyasına münasibətdə subardinasiyanı saxlasın, daha çox neytral mövqe tutsun".

Digər ekspert Elxan Şahinoğlu isə bu qənaətdədir ki, mövcud gərginlik İranın geri addım atmaması səbəbi üzündən perspektivdə sərhəddə hər hansısa bir toqquşmalara da rəvac verə bilər: "Perspektiv məncə qaranlıqdır. Çünki İran geri addım atmağı düşünmür. İki ölkə arasında münasibətlərin gərginləşməsi də İrandan qaynaqlanır. Əvvəllər İran-Azərbaycan münasibətlərində problem və gərginliklər olurdusa, bir qədərdən sonra fasilə də yaranırdı. Amma son il yarımda bu gərginlik artan xətt üzrə inkişaf edir və sistemli xarakter alıb. Təbrizdə Azərbaycan əleyhinə keçirilən yürüş iki şairimizin tutulması və hələ də onlardan xəbər alınmaması, ardınca İranın Bakıdakı səfirinin hədə ilə dolu Azərbaycanın daxili işlərinə qarışacaq səviyyədə bəyanatı səslənməsi ondan xəbər verir ki, təhdidlər dayanmayacaq. İran ölkəmizə yönəlik bu kimi təhdidlərdən geri çəkilən deyil. Odur ki, İranla münasibətlər baxımından Azərbaycan öz strategiyasını seçməlidir. Yəni Tehranla münasibətlər o şəkildə qurulmalıdır ki, təhdidlərdən qoruna və ona adekvat cavab verə bilək. Əlbəttə ki, biz İranla normal qonşuluq münasibətlərində maraqlıyıq. Amma İran bunda maraqlı deyilsə, deməli, ona adekvat cavablar verilməlidir.

Mövcud gərginlik perspektivdə özünü onda göstərə bilər ki, İran nüvə çalışmalarından hələ ki, geri çəkilmək fikrində deyil. İranda belə düşünürlər ki, gələcəkdə Qərb Tehrana qarşı hər hansı bir hücum əməliyyatı həyata keçirərsə, Azərbaycan bu fəaliyyətdə yer ala bilər. Ölkəmizə münasibətdə təhdidlərin artması da bununla bağlıdır. Halbuki Azərbaycan rəsmiləri dəfələrlə vurğulayıb ki, Qərbin İranla bağlı planlarında yer almayacaq. Amma İranı bu məsələdə inandırmaq mümkün deyilsə, gərginlik artmaqda davam edəcəksə, düşünürəm ki, Tehran Azərbaycanın daxili işlərinə bir qədər daha da dərindən qarışmaqda davam edəcək. İran Azərbaycanda müəyyən qədər "beşinci kolon"u da formalaşdırıb. Onları hərəkətə gətirməyə cəhd edə bilər. Kəşfiyyat fəaliyyətləri və İrandan narkotik transferi yüksələn xəttlə davam edəcək. Ölkəmizə münasibətdə İran bu siyasətini davam etdirməkdə maraqlı görünür. Baxmayaraq ki, Azərbaycan rəsmiləri bir neçə dəfə Tehrana səfər edərək ölkəmizdən İrana qarşı heç bir təhlükənin olmayacağı ilə bağlı onu anlatmağa çalışdı. İranın təhdidlərinin son nəticədə nəyə gətirib çıxaracağını indidən söyləmək çətindir. İran geri addım atmasa, gərginlək hələ də davam edəcək. O, geri addım atmasa, gərginliyin pik nöqtəsi sərhəddə hər hansı bir toqquşmalara gətirib çıxarar".

Rüfət NADİROĞLU