Zəlzələ daha hansı rayonlarımızı təhdid edir?

22 May 2012 16:06 (UTC+04:00)

Məlum olduğu kimi Yer üzərində baş verə biləcək və dağıdıcı gücə malik olan təbiət hadisələrindən biri də zəlzələdir. Digər təbiət hadisələrindən fərqli olaraq zəlzələnin baş verəcək anı və məkanı hələ də elmə bəlli deyil. Bu da onun əhali arasında böyük qorxu yaradacaq əsas səbəbidir. Sözügedən təbiət hadisəsindən yer üzərində yaşayan xalqların nə qədər zərər çəkmələri hamıya məlumdur. Tarixə nəzər saldıqda bizlər də onun sarsıdıcı gücünü görmüşük, desək yanılmarıq.

Elə son vaxtlarda respublikanın bəzi ərazilərində baş verən yeraltı təkanlar əhalini keçmiş zamanların qorxulu hisslərini yaşatmağa məcbur etdi. Belə ki, may ayının 7-i tarixində respublikanın şimal-qərbində - Zaqatala rayonunda baş vermiş zəlzələnin törətdiyi fəsadlar aradan qaldırılmamış Şəkidə də yeraltı təkan aktivləşib. Rayonlarda ardıcıl yeraltı təkanların baş verməsi əhali arasında digər yerlərdə də bu cür halın baş verə biləcəyi qorxusu yaradıb. Məsələ ilə əlaqədar Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ilə əlaqə saxladıq. O bildirdi ki, Zaqatala və Şəkidə baş vermiş yeraltı təkanlar respublikanın başqa yerlərində də zəlzələnin ola bilməsinə dəlalət etmir.

Mərkəzin direktoru Zaqatala və Şəki ərazilərində baş vermiş yeraltı təkanlardan sonra uzunmüddət avtoşokların olacaqlarını da vurğuladı: "Bunların içərisində təbii ki, yalnız cihazlarla qeydə alınanlar da var. Onları əhali hiss etmir. Biri də var ki, 3-5 bal gücündə olan təkanlar. Hətta, bu yaxınlarda 6 bal gücündə də təkanlar qeydə alınıb".

Direktor bundan sonra 5-6 bal güclərində baş verən təkanların ola bilcəyini istisna etmədi: "Bunlar da müəyyən müddət getdikcə azalmalıdır. Çünki, orada gərginlik hələ davam edir. Bunun üçün də vaxt lazımdır".

Q.Yetirmişli qeyd etdi ki, mayın 7-də Zaqatalada baş verən təkanlardan ikincisi, hətta 7.5 baldan artıq olub: "Artıq həmin ərazidə o gücdə yeraltı təkanların olma ehtimalı yoxdur. Amma, arada hiss ediləcək təkanlar olacaq. Bu barədə əhaliyə dəfələrlə tövsiyələrimizi vermişik. Yəni, təşvişə düşməsinlər. Bu proses sönənəcən getməlidir. Sadəcə olaraq, insanlar evlərə girməsinlər. Çünki, evlər çox qəzalı vəziyyətdədilər. Kiçik təkan belə hansısa qəzalı evin dağılmasına səbəb ola bilər".

Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Ənvər Əliyev respublikanın şimal-qərbində baş verən yeraltı təkanları belə izah etdi ki, Zaqatala və Şəki ərazilərində baş verən seysmik hadisələr tarixən bu ərazilərdə baş vermiş zəlzələlərin qanunauyğun davamıdır: "Çünki, məhşur "Şamaxı zəlzələləri" də o zonalarda olub. İsmayıllı-Şamaxı zonasında. Bu da, həmin ərazilərdə olan zəlzələlərin zəncirvarı bir hissəsidir. Ümumiyyətlə, İsmayıllı - Şamaxı zonası 7 - 9 ballıq zona sayılır. Zaqatala hissəsi isə 7 ballıq zonada yerləşir. Ona görə də orada baş verən zəlzələlər gözlənilən bir hadisə idi. Çünki, bizim, əsasən, ən seysmik zonamız ora sayılır. Qafqaz dağlıq hissəsindən Şamaxıya və Qobustana qədər olan yerlərimiz. Digər yerlərimiz o qədər də qorxulu, sürüşkən sayılmır".

Coğrafiyaşünas qeyd etdi ki, zəlzələ təbii proses olaraq, qabaqcadan demək mümkün olmayan ən kəskin, ağır bir təbiət hadisəsidir: "Bunu qabaqcadan proqnozlaşdırmaq mümkün olmadığına görə fəsadları çox olur. Amma, ümumi götürdükdə, onun dünyəvi, planetar qanunauyğyunluqları məlumdur. Belə ki, bunlar Yer kürəsinin qabığındakı nəhəng tavalardır ki, onlar aşağı sürətlə olsa da hərəkət edirlər. Uzun illər boyu nəhayət, onlar kilometrlərlə məsafə qət edirlər.

Bizim hal-hazırki, Avrasiya materikinin, Afrika qitəsinin pilitəsi yavaş-yavaş şimala doğru sıxılır. Ona görə də Alp-Himalay deyilən qırışıqda zəlzələlərin olması mümkündür. Hazırda Azərbaycanda baş verən zəlzələlər də onun bir hissəsidir. Alp-Himalay qırışığında baş verən dəyişilmədir. Qafqaz dağları cavan seysmik zona olduğuna görə Azərbaycan ərazisində də bu proses davam edir".

Fəlsəfə doktoru qeyd etdi ki, dünyanın dağ sistemlərində üç planetar qırışıqlıq mövcuddur: "Kardiniel Andlar, Sakit Okean qövsü və Alp-Himalay qırışıqları.

Alp-Himalay qırışığı Alplardan başlayır, İndoneziyaya qədər uzanır. Kardiniel-And qırışığı Şimali Amerikadan Antraktidaya qədər məsafəni əhatə edir. Sakit Okean qövsü isə Alyaska yarımadasından başlayıb, Alp-Himalay qırışığı kimi İndoneziyada bitir".

Ə. Əliyev bütün təbiət hadisələrinin, əsasən, bu dağ sistemlərində olan qırışıqlarda baş verdiyini bildirdi. Şöbə müdiri son olaraq onu qeyd etdi ki, biz zəlzələni qabaqcadan deyə bilmək iqtidarında deyilik: "Ona görə də ümumi şəkildə planetar hadisəyə hazır olmalıyıq. Dövlət bilməlidir ki, həmin zonada təbii proseslər dəfələrlə ola bilər. Nə qədər olacağını bilmək olmasa da, ən azı 7 bal olması mümkündür. Ona görə də orada olan tikililər, xüsusi ilə də fərdi yaşayış evləri, təhsil ocaqlarının tikilməsində həddindən artıq yüksək davamlı konstruksiyalardan istifadə olunmalıdır. Fövqəladə Hallar Nazirliyi bu hadisələrə müvafiq şəkildə o binalara arayış verməlidir. Birinci növbədə, buna fikir vermək lazımdır. Bu, qabaqlayıcı tədbirlərin birinci pilləsidir".

Mübariz Bayramov