Bakı Metropolitenində təhlükəli anlar yaşanıb (FOTO)

31 Oktyabr 2013 16:55 (UTC+04:00)

Qatar hərəkət edərkən vaqonun qapısı açıq qalıb və qatar bu vəziyyətdə tunelə girib

Ötən gün saat 17:30 radələrində Bakı Metropolitenində sərnişinlər təhlükəli anlar yaşayıb. Sərnişinlərdən birinin ANS PRESS-ə verdiyi məlumata görə, metronun "28 may" stansiyasından "Həzi Aslanov" istiqamətinə gedərkən qatarlardan birinin vaqonunda ciddi problem yaranıb.


Belə ki, vaqon qapılarından biri hansısa səbəbdən "28 may" stansiyasından sonra bağlanmayıb. Lakin qatar hərəkət edib. Qatar tunelin içərisində olarkən belə, qapı örtülməyib. Sərdar Sərdaroğlu adlı oxucu hadisənin fotosunu çəkərək bizə göndərib. Fotodan da görünür ki, qatar tuneldə sürətlə hərəkət edərkən qapı aralı qalıb.


Bakı Metropoliteninin mətbuat xidmətindən ANS PRESS-ə verilən əmlumata görə, belə hallar yolverilməzdir. Əslində bu böyük və ciddi nöqsandır. Bu halda böyük faciə baş verə bilər.


"Vaqonların qapıları tam bağlanması, qatar heç vaxt hərəkət etməz. Sürücü istəsə belə qatarı idarə edə bilməz. Yəqin həmin vaxt qatarda nasazlıq olub. Problem göstərilməyib. Yaxud da, qapının arasında nəsə qalıb. Müxtəlif səbə ola bilər. Şükür ki, heç bir faciə olmayıb. Belə halalr olduqda, sərnişinlər mütləq maşınıst ilə təcili əlaqə saxlasınlar", - deyə metropolitendən bildirilib.