Azərbaycan 350 milyon manat ayıracaq
24 May 2012 20:17 (UTC+04:00)
Azərbaycanın 2012-ci il dövlət
büdcəsinin xərclər hissəsinə artırılan 600 milyon manat vəsaitin
əhəmiyyətli hissəsi ölkədə baş verən təbii fəlakətlərin, o cümlədən
ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələlərin fəsadlarının
aradan qaldırılmasına yönəldiləcək.
APA-nın xəbərinə görə, bu barədə
məlumat Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin
zərflər paketində yer alıb.
Cari xərclərin artımı üçün nəzərdə tutulan vəsaitin 350 milyon
manatı ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində
Zaqatala, Qax, Balakən və Şəki rayonlarının əhalisinə və
sosial-iqtisadi infrastrukturlarına dəymiş ziyanın, ölkənin bəzi
rayon və şəhərlərinin ərazisində normadan artıq yağan leysan
yağışlarının yaratdığı sel və daşqınlarının fəsadlarının aradan
qaldırılmasına, 2010-cu ildə Kür və Araz çaylarının Sabirabad və
Salyan rayonlarının ərazisində yaratdığı irimiqyaslı fəlakətin
nəticələrinin aradan qaldırılması ilə bağlı işlərinin başa
çatdırılmasına yönəldiləcək.
200 milyon manat isə dövlət büdcəsində əvvəlcədən nəzərdə
tutulmayan tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsinin
Ehtiyat Fonduna, 95 milyon manat Bakı şəhəri və ölkənin digər
regionlarının sosial və kommunal infrastrukturlarının yenidən
qurulması və abadlaşdırımasına, 1,9 milyon manatı əməyin ödənişi
fonduna istiqamətləndiriləcək.
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatların
büdcədənkənar vəsaitləri üzrə xərclər 40 milyon manat
azaldılacaq.