Mətbuat Şurası Rafiq Tağıya sui -qəsdlə bağlı Baş Prokurorluğa müraciət ünvanlayıb

23 Noyabr 2011 20:00 (UTC+04:00)

Dünən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov yazıçı-jurnalist Rafiq Tağının səhhəti ilə maraqlanmaq üçün Klinik Tibbi Mərkəzdə olub. Xəstəxananın baş həkimi və yazıçı-jurnalisti əməliyyat edən həkimlərlə görüşən şura sədrinə məlumat verilib ki, R.Tağının vəziyyəti ağır olsa da, hələlik həyati təhlükəsi yoxdur.

Dünən həmçinin Azərbaycan Mətbuat Şurası R.Tağıya sui-qəsdlə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, baş vermiş hadisə ilə əlaqədar Xətai Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə açılmış cinayət işi, eləcə də prokurorluq orqanları tərəfindən həyata keçirilən tədbirlər məsələyə həssas münasibət göstərildiyini deməyə əsas verir. Müraciətdə eyni zamanda bildirilir ki, media ictimaiyyətində belə bir xoşagəlməz halın R.Tağının son vaxtlarkı mətbu çıxışları ilə bağlılığına dair fikirlər yayılmaqdadır. Bütün bunlara görə hadisəyə hüquqi qiymətin verilməsi, günahkarın və ya günahkarların tezliklə tapılaraq qanun qarşısında cavab vermələrinin təmin olunması vacibdir.