Bakı üçün daha bir xəritə

29 May 2012 14:58 (UTC+04:00)

Movqe.Az AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi ilə Yaponiya seysmoloqlarının birgə əməkdaşlığı sayəsində Bakının seysmik risq xəritəsi hazırlanacaq.

Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, "Bakının seysmik mikrorayonlaşdırılması üzrə risq xəritəsi" layihəsinin hazırlanması üzrə yekun müzakirələr aparmaq məqsədilə Yaponiyanın OYO Beynəlxalq Şirkətinin məsləhətçisi Masakazu Takahaşinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Azərbaycana səfərə gəlib.

Müzakirədə Masakazu Takahaşi layihədə nəzərdə tutulan işlər və bu layihənin həyata keçirilməsi prosedurları haqqında ətraflı məlumat verib. AMEA RSXM-in baş direktoru Qurban Yetirmişli layihənin yekun variantı ilə bağlı öz təkliflərini irəli sürüb. Daha sonra tərəflər layihə üzərində işlərin tamamlanması və sənədin bu ilin avqustunda Yaponiya hökumətinə təqdim olunması barədə qərar qəbul edib.