Ağ almanın qara günləri

11 Dekabr 2013 07:28 (UTC+04:00)

Məlum olduğu kimi ölkədə fermerlərin üzləşdiyi əsas problemlərdən biri də tədarük etdikləri məhsulun satışı ilə bağlıdır. Proseslərin gedişi bu sahədə yaşanan problemlərin hələ də tam şəkildə öz həllini tapmadığını göstərir. Digər tərəfdən qışın yaxınlaşması bağbanların qayğılarını artırıb. Tədarük olunan meyvənin satışı çətin olduğu kimi, onun saxlanması da problemə çevrilib.

Sata bilmədikləri almanı həyətlərinə yığan təsərrüfat sahibləri məhsulu don vuracağından narahatdırlar. Soyuducu anbarlara gəldikdə isə məsələyə münasibət fərqlidir. Bəziləri belə anbarlarda saxlanma qiymətinin baha olması qənaətindədirlər. Bu hal özünü ölkənin şimal bölgəsində daha qabarıq büruzə verir. Məlumatlara görə, Quba-Xaçmaz iqtisadi rayonunda mövcud 22 min hektar alma bağından bu il 170 min ton məhsul yığılıb. Tədarük olunan almanın hələ də 50 faizi satılmamış qalır.

Almanın çürüyərək zay olmasının səbəbi isə onun saxlanma şəraiti ilə bağlıdır, yəni məhsulun həyətlərdə saxlanmasıdır. Qeyd edək ki, hazırda şimal bölgəsində 25 soyuducu anbar fəaliyyət göstərir ki, onların da ümumi tutumu 51 min tondur. Bağbanlar deyir ki, həmin anbarlarda saxlanılan məhsulun 60 faizi anbar sahiblərinin olur. Problemin bir tərəfi budursa, digər tərəfdən məhsulun 1 ay üçün saxlanılma qiyməti də təsərrüfatçıları qane etməməsidir. İqtisadiyyat və Sənaye Nazirliyinin şöbə müdiri Zaur Qasımov "Lider" televiziyasına açıqlmasında bağbanların bu problemlərinin nəzarətdə olduğunu və həll yollarının arandığını bildirir. Nazirlikdən verilən məlumata görə, bölgədə yeni soyuducu anbarların inşası da nəzərdə tutulur. Beləliklə, bu gün realılq odur ki, bağbanların min-bir əziyyətlə yetişdirdikləri tonlarla məhsul həyətlərdə qalaraq qış aylarında məhv olur. Nəticədə bağban nəinki yığdığı məhsuldan qacanc əldə edir, hətta bağa çəkdiyi xərcləri belə ödəyə bilmir. Halbuki, həmin məhsullar eklolji cəhətdən də təmiz sayılır.

Burada bir məqamı da qeyd edək ki, Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı üçün əlverişli təbii-iqlim şəraiti olsa da, müəssisələrin həmin məhsulların marketinqi üzrə kifayət qədər təcrübəsinin olmaması onların beynəlxalq bazarlara çıxışını əngəlləyən amilə çevrilir. İndiki şəraitdə ölkəmizin qida sənayesində fəaliyyət göstərən müəssisələrin ekoloji təmiz qida məhsulları istehsalına üstünlük verməsi və həmin məhsullarla beynəlxalq bazarlara çıxması onların istehsal-satış fəaliyyətini əhəmiyyətli dərəcədə genişləndirə bilər.

Xatırladaq ki, ölkəmizdə "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" qanun qəbul olunub. Qanun ekoloji baxımdan təmiz məhsulların istehsalı, emalı və dövriyyəsi ilə bağlı münasibətləri tənzimləyir. Kənd təsərrüfatı üzrə mütəxəssislər hesab edir ki, ekoloji təmiz məhsulu Azərbaycanın bütün rayonlarında yetişdirmək olar. Amma bu, fermer üçün maliyyə və iqtisadi baxımdan gəlirli olmalıdır. Yəni, fermer ekoloji təmiz məhsulunu çox baha satmalıdır. Ölkəmizdə yetişdirilən alma ekoloji cəhətdən təmiz məhsul olsa da, qeyd olunduğu kimi, hazırda onun satışında və saxlanmasına ciddi problemlər müşahidə olunur. Bu isə nəticə etibarilə bağbanların çətin duruma düşməsinə gətirib çıxarır.

Bağbanlar deyirlər ki, yerli emal müəsssisələri də məhsulu onlardan istənilən həcmdə qəbul etmrlər. Emal müəssisələri isə bildirir ki, öz tədarük güclərinə uyğun məhsul ala bilirlər.

Mütəxəssislər hesab edirlər ki, indiki vəziyyətdə fermerlərə xarici bazarlara çıxış üçün stimulluşdarıcı addımlar atılmalıdır. İkinci tərəfdən isə, daha iri tədarük şirkətlərinin yaradılması reallaşmalıdır. Xarici ölkələrdə olduğu kimi bu şirkətlər məhsulların topdan alışı ilə məşğul olmalıdır. Yəni həmin təşkilatlar əvvəlcədən fermerlərlə müqavilə bağlayıb alış barəsində öhdəlik götürməlidir. Ekspertlər hesab edir ki, belə bir sistemin yaradılması həm də sonradan bazarlardakı süni qiymət artımlarının qarşısını ala bilər. Satış və tədarük prosesi tənzimlənməsə, son zərbə kənd təsərrüfatına dəyəcək. Yəni bu il itkilərlə üzləşən fermer çətin ki, növbəti mövsümdə işləməyə maraqlı olsun. İndiki vəziyyət isə bağban və fermerlərin məhsul istehsalına marağını azaldır.