BlackBerry artıq tam çökür

11 Dekabr 2013 22:30 (UTC+04:00)

Kanadanın BlackBerry şirkəti rəhbərliyini dəyişərək və investisiya alaraq fəaliyyətin yenidən təşkilini davam etdirəcək, eləcə də əsas diqqətini servis və proqram təminatına yönəldəcək.

Bildirilir ki, şirkət smartfonların istehsalı üzrə biznesi ikinci dərəcəli etməyi planlaşdırır. Belə ki, əsas səylərin servislərə, o cümlədən BlackBerry Messenger (BBM) messencerinə istiqamətlənməsi gözlənilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda ani məlumat mübadiləsi üçün nəzərdə tutulan bu xidmət 80 milyon abunəçi auditoriyasına malikdir ki, bunun da 20 milyonu "Android və iOS əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu sahibləridir.

Kanada istehsalçısı BBM-in tanıdılması proqramı çərçivəsində İndoneziya, Hindistan və digər inkişaf etməkdə olan ölkələrdə tərəfdaşların dəstəyini qazanıb. Sözügedən ölkələr öz Android sistemli aparatlarında BBM messencerinin quraşdırılması ilə bağlı öhdəlik götürüblər.

Şirkət diqqətini proqram təminatına yönəltməsinə baxmayaraq telefon bazarını tərk etmək niyyətində deyil. Bu barədə BlackBerrynin müvəqqəti baş direktoru Con Çen bildirib. Onun sözlərinə görə, smartfon istehsalı şirkət üçün idarəetmə qurğuları və BBM ilə yanaşı, vacib fəaliyyət istiqaməti olaraq qalır.

Xatırladaq ki, "BlackBerry şirkətin səhmlərini 4,7 milyard dollara Fairfax Financial Holdings investisiya konsorsiumuna satmaqdan imtina edərək baş direktoru işdən azad edib və investisiyalar cəlb etməyə başlayıb.