Azərbaycandan Avropa Birliyinə Qarabağ şərti

12 Dekabr 2013 10:07 (UTC+04:00)

Məlumat verildiyi kimi Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusunda Avropa Birliyinə (AB) müraciət edərək, qurumdan daha təsirli və güclü bir rolu boynuna götürməsini tələb edib. AB - Azərbaycan Əməkdaşlıq Şurasının iclasında iştirak edən xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Dağlıq Qarabağ probleminin yalnız regional problem olmadığını, bölgəni aşan təsirə malik olduğunu vurğulayıb: 


"AB-nin mövqeyi önəmlidir. Minsk Qrupuna olan dəstəyini və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı açıqlamalarını məmnuniyyətlə qarşılayırıq. Amma AB daha təsirli və güclü rol oynaya bilər".

Oxşar təkliflər müxtəlif vaxtlarda da dəfələrlə səsləndirilib. Minsk qrupundan imtina, onun formatının dəyişdirilməsi, məsələyə AB-nin qoşulması və s. kimi təkliflər zaman-zaman olsa da, hələlik yenilik görünmür. Siyasi təhlilçilərin fikrincə, AB-in məsələyə qoşulması məqsədəuyğun olardı. Amma burada onun fəaliyyətinin nə cür olacağı proqnoz edilə bilmir.

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlı qeyd edir ki, Dağlıq Qarabağ probleminin həll olunması istiqamətində Azərbaycan təkcə ATƏT-in Minsk qrupu deyil, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində də yol axtarıb: "Bu baxımdan da Avropa Birliyinin Qarabağ probleminin həll edilməsi istiqamətində təşəbbüsləri yerində olardı. Amma AB qitə təşkilatı olması baxımından bu günə qədər bənzəri problemlərin həll edilməsində heç bir rol oyananaması diqqəti cəlb edir. Bu zaman AB-nin hansı əsaslarla Dağlıq Qarabağ probleminin həll edilməsində vasitəsçilik etməsi məsələsi gündəmə gəlir. Əgər AB Azərbaycan və Ermənistana görüş təklif edəcəksə, belə görüşlər onsuz da ATƏT-in Misk qrupu çərçivəsində həyata keçirilir. Bu günə qədər AB-nin konflitoloqları, ekspertləri bir sülh müqaviləsi belə hazırlayıb tərəflərə təklif etməyiblər. Əslində, AB Dağlıq Qarabağ probleminin həll olunmasında ön planda görünməyi lüzum bilmir. Sanki, özünü hadisələrdən kənarda saxlamağa cəhd edir. Özünü kənarda saxlamasında isə müxtəlf faktorların olmasını görürük. Bu faktorlardan ən önəmlisi Rusiyadır. AB Cənubi Qafqazda konfliktlərin həllində özünü önə verərsə, bu, Rusiyanı narahat edə bilər. Bundan başqa, onuz da AB üzvü olan Fransa ATƏT-in Mnisk qrupu çərçivəsində bu problemin həllində olan danışıqlar barədə AB rəhbərliyinə məlumatlar verir. Bu baxımdan AB Dağlıq Qarabağ probleminin həll edilməsində təşəbbüsləri könülsüzdür. Ona görə də ciddi nəticə verəcəyini zənn etmirəm".

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlıya görə, bu təklifin daimi gündəmdə olması ondan irəli gəlir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın gözləntilərini qarşılamır: "Məsələnin indiyə qədər həll edilməmş qalmasında əsas məsuliyyət həm də həmsərdlərin üzərinə düşür. Həm Ermənistan, həm də Minsk qrupu beynəlxalq hüququn tələblərinə lazımi qaydada əməl etmirlər, lazımi fəallığı göstərmirlər. Digər tərəfdən, AB-nin dünya siyasətində rolu getdikcə artır. Əslində, 1990-cı illərin əvvəlindən müşahidə edirik ki, müxtəlif məsələlərə AB-nin ayrı dövlətlərinin müdaxiləsindən əlavə, AB-nin ümumi münasibət və müdaxiləsi olub. Bu da elə düşünülür ki, AB-nin ümumi xarici siyasətində təhlükəsizlik anlayışı varsa, müəyyən məsələlərə konkret müdaxiləsi də olmalıdır. Qafqaz regionu da AB üçün əhəmiyyətlidir. Bu mənada biz istəyirik ki, Avropanın ümumi səylərindən Qarabağ problemin həlli üçün faydalanaq. Məsələnin gündəmə gəlməsi bir də Fransanın həmsdər olmasından irəli gəlir. Franasının başqa dövlətlə və ya AB ilə dəyişdirilməsi məsələsi gündəmə gəlir. Bəzən də Fransada erməni lobbisinin fəal olması məsələsi ortaya atılır. Fikirlər irəli sürülür ki, Fransa bütün hallarda lazımi obyektivliyi göstərə bilməyəcək. Yəni, Qarabağ porbleminin indiyə qədər həll olunmamış qalması, AB-nin dünya siyasətində artan rolu, eyni zamanda Fransanın neytrallığı ilə bağlı suallar AB-nin proseslərə qurum kim cəlb olunmasını gündəmə gətirir. Bu iddianı vacib hesab etmək olar. Düzdür, problemin həlli təkcə vasitəçilərin səylərinə bağlı deyil. Amma biz beynəlxalq vasitəçilərin səylərinə əhəmiyyət veririksə, prosesdə AB-nin rolu artmalıdır. Bu, sadəcə, sözlə olmamalıdır. Hüquqi mexanizm qazandırılmalıdır".