Bakıda "Misir papirusu ənənə və müasirlik" mövzusunda satış-sərgi keçiriləcək

12 Dekabr 2013 12:31 (UTC+04:00)

13 dekabr 2013-cü il saat 13:00-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və Bakıdakı Misir Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə ilk dəfə olaraq ADRA Muzey-Sərgi Kompleksinin II mərtəbəsində (Heydər Əliyev pros., 24)"Misir papirusu ənənə və müasirlik"mövzusunda satış-sərgi keçiriləcək. Sərginin məqsədi tamaşaçıları müasir Misir papirusları, onların tarixi ilə tanış etməkdir.

Misir papirusu çoxəsirlik tarixə malik, cillər fəsiləsinə aid olan bitkidir. Papirusu Nil çayının sahillərində yetişdirirdilər. Məhz bu səbəbdən bitkini "papirus", Misir dilindən tərcümədə "çayın bəxşişi" adlandırmışlar.

Misirlilər qədim dövrlərdə papirusdan geyim, ayaqqabı, həsir, kəndir və hətta qayıq da hazırlayırdılar. Lakin ən əsası misirlilər papirusdan yazı məqsədi ilə istifadə edirdilər. Məhz papirus vasitəsi ilə misirlilər tarixlərini gələcək nəsillərə ötürə bilmək imkanını əldə etmişlər.

İlk dəfə olaraq papirusu misirlilər e.ə. təxminən III əsrdə istifadə etmişdilər. Uzun müddət papirus yazı üçün istifadə olunan ən keyfiyyətli material hesab edilirdi. Papiruslar yalnız çar emalatxanalarında və ciddi qaydalar əsasında hazırlanırdı. Onun ixracından isə ağıla gəlməz dərəcədə çox gəlir əldə olunurdu.

Yazı materialı olaraq Misir papirusu VIII əsrə qədər birinciliyini qoruyub saxlaya bilmişdir. Lakin onun hədsiz dərəcədə bahalığı və çox zərif olması avropalıları heyvan dərisindən olan perqamentin istehsalına məcbur etdi və nəticədə papirus öz əvvəlki birinciliyini itirməyə başladı.

Misirin özündə papirus IX əsrə qədər istifadə olunurdu, onun böyük miqdarda istehsalı isə eramızın XII əsrinə qədər davam etmişdir.

Müasir dövrümüzdə misirlilər papirusdan bütün dünyada məhşur olan suvenirlər hazırlayırlar. Luksor və Qahirədə papirus muzeyləri mövcuddur ki, orada nəinki qədim, həmçinin müasir papiruslar da nümayiş olunur.

"Misir papirusu ənən və müasirlik"adlı satış-sərgisində siz müasir papirusların çoxsaylı nümunələri ilə tanış ola bilərlər. Bundan əlavə tamaşaçılar sərgidə təqdim olunan papirusları əldə edə bilərlər. Sərgidə 25 ədəd papirus, 14 ədəd heykəltəraşlıq nümunəsi nümayiş olunacaq.

Tamaşaçılara həmçinin, papirus sənətinin tarixi və hazırlanması haqqında video material da təqdim olunacaqdır.

Sərgi 13-17 dekabr tarixlərinə qədər davam edəcək. Sərgiyə giriş sərbəstdir. Sərgi saat 11:00-dan 19:00-a qədər açıqdır.