Bakıda özünü dənizə atan şəxs xilas edilib

13 Dekabr 2013 10:37 (UTC+04:00)

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Milli Parkın ərazisində 20-25 yaşlarında kişini dənizdən çıxarıblar. Koma vəziyyətində olan həmin şəxs 4 saylı Şəhər Xəstəxanasına yerləşdirib.

Faktla bağlı araşdırma aparılır.

 

FHN-in bununla bağlı yaydığı məlumatda isə bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə 13 dekabr tarixində, saat 02:01-də daxil olmuş məlumata əsasən, Bakı şəhəri Dənizkənarı Milli Parkda, nəzarətsiz ərazidə bir nəfər intihar məqsədilə özünü dənizə atıb. Dərhal "Bakı mərkəz" sularda xilasetmə məntəqəsinin 4 nəfər xilasedicisi, 1 ədəd xilasetmə qayığı və xüsusi avadanlıqlarla hadisə yerinə çıxıb, vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 02:20-də başa çatıb.