“Azərbaycanda ali təhsil: qanunvericilik və onun tətbiqi praktikası” mövzusunda keçirilmiş müsabiqə başa çatıb

13 Dekabr 2013 17:48 (UTC+04:00)

Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin sifarişi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) həyata keçirdiyi "Cənubi Qafqazda hüquq və məhkəmə islahatlarının dəstəklənməsi" regional proqramı çərçivəsində bu yaxınlarda azərbaycanlı jurnalistlər üçün yeni məqalə müsabiqəsi keçirilmişdir. Müsabiqənin mövzusu "Azərbaycanda ali təhsil: qanunvericilik və onun tətbiqi praktikası" olmuşdur. Qaliblərə mükafatlar Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfirinin müavini, cənab Volfqanq Mössinqerin iştirakı ilə bu gün təqdim olunmuşdur.Sözügedən müsabiqənin keçirilməsindən əvvəl GİZ yerli bir ekspertin iştirakı ilə bu sahədə öz biliklərini artırmaq və bununla da, yazdıqları məqalələrin keyfiyyətini təkmilləşdirmək istəyən jurnalistər üçün ənənəvi həftə sonu seminarı təşkil etmişdir.Müsabiqədə ölkənin müxtəlif qəzet və internet redaksiyalarını təmsil edən 18 jurnalist iştirak etmişdir. Onların hazırladıqları məqalələr 15 sentyabr – 31 oktyabr 2013-cü il tarixləri ərzində çap olunmuşdur. Müsabiqəyə təqdim edilmiş həmin məqalələrdə əsas diqqət təhsil haqları, təhsil krediti, özəl ali məktəblərdə müəyyən fakültələrə tələbə qəbulunun olmaması və ali təhsilin keyfiyyəti kimi mövzulara yönəldilmişdir.

Müxtəlif qurumların əməkdaşlarından təşkil olunmuş müstəqil münsiflər heyəti müsabiqəyə təqdim olunmuş məqalələri dəyərləndirərək aşağıdakı qalibləri müəyyən etmişdir:

1-ci yer: Gülər Mehdizadə, "Təhsil nazirliyinin fakültə monopoliyası",

"Bizim yol" qəzeti, 04.10.2013

2-ci yer: Fərman Nəbiyev, "Kredit bataqlığı",

"Mingəçevir işıqları" qəzeti, 14.10.2013

3-cü yer: Xalid Vahidoğlu, "Təhsilimizin qiymət problemi",

"Üç nöqtə" qəzeti 19.10.2013