Suraxanıda yeni il tədbirləri keçirilir

27 Dekabr 2013 17:18 (UTC+04:00)

31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə Suraxanı rayonunun bayramsayağı tərtibatı işlərinə başlanılıb. Tədbirlər planına uyğun olaraq rayonun bütün qəsəbələrində tərtibat işləri aparılır, silsilə tədbirlər keçirilir. Rayonun ərazisində yerləşən təhsil müəssisələrində dəyirmi masalar, müxtəlif müsabiqələr, bayram şənlikləri təşkil olunur.

Növbəti belə  bayram tədbirləri 27 dekabr 2013-cü il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən Əqli cəhətdən qüsurlu uşaqlar üçün 7 nömrəli İnternat məktəbində, 2 saylı Uşaq evində keçirilib. Xüsusi tərtibatla bəzədilmiş bu uşaq müəssisələrində əsl bayram əhval-ruhiyyəsi hökm sürüb.

Uşaqları və  bayram şənliklərində iştirak edən iştirakçıları salamlayan Rayon İcra Hakimiyyətinin nümayəndəsi tədbir iştirakçılarını, bütün soydaşlarımızı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn 2014-cü  il münasibəti ilə təbrik edib və yeni ildə xalqımıza xoş güzəran, ruzi-bərəkət, firavanlıq, əmin-amanlıq və qələbə arzulayıb. 

Tədbirlərdə ölkə başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin  və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğıdan ətraflı danışılıb. Tədbirlərdə xüsusi vurğulanıb ki, qoy qarşıdan gələn yeni il dünyanın müxtəlif guşələrində yaşayan milyonlarla soydaşımızın arzularının, istəklərinin reallaşdığı il olsun.  

Bayram tədbirlərində S.Bəhlulzadə adına mədəniyyət sarayının bədii kollektivi konsert  proqramı ilə çıxış ediblər. Uşaqlar arasında müxtəlif yarışlar təşkil olunub. Bayram tədbiri uşaqların sevinci ilə qarşılanıb.

Tədbirlər planına uyğun olaraq qarşıdakı günlərdə də Suraxanı rayonunda bayram tədbirləri davam etdiriləcək.