"Fələstinlilərin sülh istədiyinə şübhə edirik"
3 Yanvar 2014 22:04 (UTC+04:00)
"İsrail fələstinlilərin sülh əldə etmək tərəfdarı
olmasına şübhə edir".
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi
məlumata görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu Amerika
Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri ilə görüşündən sonra
birgə mətbuat konfransında bəyan edib. Netanyahu Fələstin lideri
Mahmud Abbasın İsrail vətəndaşlarına qarşı terror aktlarını
pisləməyi daim unutduğunu vurğulayıb.
"Fələstinli liderlərin davranışını və
bəyanatlarını nəzərə alsaq, İsrail dövləti olaraq, onların sülh
istədiklərinə dair şübhələrimiz var. Fələstin liderləri insanlarını
sülhə hazırlamaq əvəzinə, onları İsrailə qarşı yönəldir. Sülh
İsrailin bir yəhudi dövləti olaraq qəbul edilməsi deməkdir. Mahmud
Abbas da terroru pisləyərək, sülhə qucaq açmalıdır." - deyə
Netanyahu bildirib.
ABŞ-ın dövlət katibi Con Kerri isə növbəti
həftələrdə hər iki tərəfin çətin seçim qarşısında qalacağını
vurğulayıb. "Qarşıdakı 3 gün ərzində Netanyahu və Abbasla
aparacağım müzakirələrin ana xəttini formalaşdıracaq çərçivədə
fərqləri azaltmaq üçün hər iki tərəflə işləməyi planlaşdırıram.
Problemlərin və meyarların nələr olduğunu bilirik." - deyə Kerri
bildirib.
Con Kerrinin Yaxın Şərqə səfəri İsraillə Fələstin
arasında sülh danışıqlarına dəstək vermək məqsədi daşıyır. Bu, Con
Kerrinin son 1 il ərzində regiona etdiyi 10-cu səfəridir.